2021-05-31

Qazaxıstanda Respublika Günü münasibətilə onlayn tədbir keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirib.

Onlayn tədbirdə bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov tədbir iştirakçılarına 103 il bundan öncə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovetlər birliyi süqut edəndən sonra ölkəmizin öz dövlət müstəqilliyinin bərpasından ətraflı danışıb.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin möhkəmlənməsi və inkişafında qazandığı uğurları qeyd edərək, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dünyada ən sürətlə inkişaf edən və Qafqaz regionunda lider ölkəyə çevrilməsini qeyd edib.

Rəşad Məmmədov bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımız Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azad olunub, ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ermənistanın dağıtdığı və viran qoyduğu Qarabağda bərpa-quruculuq işlərinə başlayıb.

Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətlərinin olduğunu vurğulayan diplomat, bu siyasi kursun Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyini, iki ölkə arasında münasibətlərin getdikcə genişləndirildiyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın Vətən müharibəsində Qələbə qazandığını, ötən il sentyabrın sonunda başlamış 44 günlük müharibədə ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edildiyini fəxrlə vurğulayıblar.

İştirakçılar sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində hər zaman öndə olduğunu qeyd ediblər.

Arxiv üzrə axtarış