İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Qazaxıstan münasibətləri qısa tarixi məlumat:

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılmışdır.

9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildə fəaliyyətə başlamışdır. 

Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilmişdir.

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər. Azərbaycanın 2012-2013-cü illərdə, Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-ın qeyri-daimi üzvlüyünə namizədliyində bu dəstək faydalı olmuşdur. EXPO-2017 beynəlxalq sərgisinin Qazaxıstana həvalə edilməsi zamanı da Azərbaycanın ilk dəstək verən ölkələrdən olmuşdur. Hər iki ölkə həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TürkPA, TÜRKSOY təşkilatlarında əməkdaşlıq edir. 

Ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. 

Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmuşlar. Qazaxıstanda hazırda 5 Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir. Bunlar Aktau şəhərində yerləşən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”, Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi", Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Azərbaycan güşəsi, Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi və Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində yaradılmış ümummilli lider Heydər Əliyev otağıdır.

 2 may 2017-ci ildə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Milli Lideri Fondunun icraçı direktoru K.Jumabayevin səfəri zamanı sözügedən Fond və Heydər Əliyev Fondu arasında Əməkdaşlıq Memorandum imzalanmışdır.

2018-ci il 16 may tarixində Astana şəhərində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, ön sözü Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir.  13 iyunda QR Prezidenti Dəftərxanasının rəisi Mahmud Kasımbekovun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində sözügedən kitabın təqdimatı keçirilmişdir. 

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına səfərləri: 10-11 sentyabr 2015-ci il, 16 oktyabr 2015-ci il, 9-10 sentyabr 2017-ci il, 12 avqust 2018-ci il

Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri: 2-3 aprel 2017-ci il

Xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfərləri:  11-13 iyul 2016, 9 iyun 2017-ci il

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 119 ikitərəfli sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

250.9

29.8

221.1

2015

116.8

17.9

98.9

2016

124.4

26.3

98.1

2017

142.10

34,27

107.83

2018

220.78

46.64

174.14

         

AR Gömrük Komitəsinin məlumatı

 

Azərbaycana idxal olunan məhsullar: Təbii qaz, buğda, təbii barium sulfatı (barıt); xam neft və bitumlu minerallardan alınan xamneft məhsulları

Qazaxıstana ixrac olunan məhsullar: Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, meyvə, meyvə şirələri, mebellər

 

Birgə Hökumətlərarası Komissiya

1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

Komissiyanın həmsədrləri

Azərbaycan tərəfindən – Pərviz Şahbazov (Energetika naziri)

Qazaxıstan tərəfindən –                           (Energetika naziri)

Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı – 16

Sonuncu iclas 9 oktyabr 2019-cu ildə Bakıda  keçirilmişdir.

Arxiv üzrə axtarış