Elektron vizaların verilməsi ilə bağlı şərtlər

“ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi aşağıdakı şərtlər çərçivəsində həyata keçirilir:

  1. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir;
  2. İkili və ya daha çox vətəndaşlığı olan əcnəbilər elektron vizanın alınması ilə bağlı müraciət etdikdə səyahət zamanı istifadə edəcəkləri sərhədkeçmə sənədinə uyğun olan ölkəni seçməlidir. Elektron vizanın alınması ilə bağlı müraciət edilərkən istifadə edilən sərhədkeçmə sənədi səyahət zamanı təqdim edilən sərhədkeçmə sənədindən fərqli olarsa, elektron viza etibarsız hesab edilir;
  3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün Azərbaycan Respublikasına gəlmə tarixindən ən azı 3 iş günü əvvəl müraciət etməlidirlər;
  4. Sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan elektron vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır;
  5. Elektron viza 3 iş günü müddətində verilir və ölkədə qalma müddətini 30 günədək müəyyən edir;
  6. Elektron vizada Azərbaycan Respublikasına daxil olma tarixi viza müraciətinin edildiyi gündən ən azı 3 iş günündən sonrakı tarixə müəyyən edilir;
  7. Elektron vizanın alınması ilə bağlı müraciət edən şəxslər daxil etdikləri ərizə-anket məlumatlarının və sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətinin doğruluğuna, o cümlədən həyata keçirdikləri ödənişlərin düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırlar;
  8. Elektron ünvanlar barədə məlumatlar düzgün daxil edilməlidir. Elektron viza almaq üçün edilmiş müraciətlərin və ödənişlərin qəbulu barədə bildirişlər, habelə elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar müraciət edən şəxsin elektron ünvanına göndərilir;
  9. Səhv və tam olmayan məlumatlar daxil edildikdə və ya ödənişlər düzgün həyata keçirilmədikdə elektron vizanın alınması ilə bağlı müraciət qəbul edilmir;
  10. Sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin “ASAN Viza” sistemi tərəfindən oxunması mümkün olmadıqda elektron vizanın verilməsindən imtina edilir;
  11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsində müəyyən edilmiş hallarda elektron vizanın verilməsindən imtina edilir, verilmiş viza ləğv edilir və ya şəxs ölkəyə buraxılmır. Elektron viza verilməsindən imtinaya və ya ölkəyə girişə icazə verilməməsinə görə “ASAN Viza” sistemi heç bir məsuliyyət daşımır;
  12. Elektron vizanın verilməsindən imtina edildikdə, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən edilmiş imtinanın səbəbi barədə müraciət etmiş şəxsin elektron ünvanına məlumat göndərir;
  13. Elektron vizanın verilməsindən imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər;
  14. Elektron vizanın verilməsindən imtina edildikdə həyata keçirilən ödənişlər geri qaytarılmır;
  15. Elektron viza sərhədkeçmə sənədinə yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən sərhədkeçmə sənədi ilə birgə təqdim olunur;
  16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər;
  17. Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir;
  18. Elektron vizada göstərilən müddətdən artıq ölkə ərazisində qalan və ya olduğu yer üzrə qeydiyyata alınmayan (10 gündən artıq qaldıqda) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı qaydalarına əməl edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur);
  19. Elektron viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyə bilər;
  20. Elektron viza əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada əmək vizası (ölkədə qalma müddəti 90 günədək müəyyən edilir) almalıdırlar;
  21. Azərbaycan Respublikasının ərazisində həm müvəqqəti yaşamaq, həm də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar;
  22. Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçdikdən sonra “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq üçün müraciət edə bilərlər. Müvafiq akkreditasiyadan keçmədən elektron viza alaraq Azərbaycan Respublikasının ərazisində jurnalist fəaliyyəti ilə məşğul olan və bu məqsədlə çəkiliş aparan şəxslərə verilmiş viza ləğv edilir və onlar ölkə hüdudlarından kənara çıxarılırlar;
  23. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür;
  24. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər;
  25. Sərhədkeçmə sənədi olmadan, vizasız və ya etibarlı olmayan sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılacaqlar;
  26. Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər;
  27. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi icazəsi olmadan səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınıb-alınmamasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə buraxılmaya bilərlər;
  28. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün müraciət edərkən texniki-texnoloji, o cümlədən ödənişlərin həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşdikdə və ya verilmiş elektron vizanın etibarlılığını və həqiqiliyini yoxlamaq istədikdə bu barədə müraciəti “ASAN Viza” sisteminin elektron ünvanına (info@evisa.gov.az) göndərə bilərlər.

Qeyd: Elektron vizaların verilməsi ilə bağlı şərtlərdə qarşı tərəfə xəbər verilmədən istənilən vaxt dəyişiklik edilə bilər.

 

Arxiv üzrə axtarış