2018-09-20

Azərbaycanın sədrliyi ilə Almatıda gender və iqtisadiyyat üzrə tematik işçi qrupunun iclası keçirilib

Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçirilib.

Tədbirdə qadınların iqtisadi sahədə irəliləməsi məsələləri və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində SPECA ölkələrində görülən işlər müzakirə olunub.

Tədbirdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Həmin iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə tematik Qrupunun rəhbəri kimi Azərbaycan sədrlik edib.

İclasa sədrlik edən Komitə sədri Hicran Hüseynova çıxışında gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və Azərbaycanın bu sahələr üzrə təcrübəsi haqqında məlumat verib.

Komitə sədri tədbirin təşkilinə görə Qazaxıstan tərəfinə öz təşəkkürünü bildirib və bu gün ölkələrimizin iqtisadiyyatlarında gender bərabərliyinin təmin edilməsi sahəsində əldə olunan irəliləyişləri, subregional əməkdaşlığın prioritetlərini və əsas istiqamətlərini müəyyən edəcəklərini qeyd edib.

SPECA işçi qrupu çərçivəsində 2012-ci ildə üçüncü və 2014-cü ildə dördüncü Qadın Biznes forumlarının keçirildiyini qeyd edən Komitə sədri qadınların sahibkarlığının inkişafı ilə bağlı müntəzəm görüşlərin, seminarların və regionun biznes mühitini və problemlərini qiymətləndirmək üçün pilot layihələrin keçirildiyini bildirib.

Bundan başqa sədr qadınların iqtisadi potensialından səmərəli istifadə olması məqsədilə 2013-2014-cü illərdə bölgəmizdə Xüsusi Proqram çərçivəsində Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının inkişafı üçün sahibkar qadınların iştirakı ilə iki forumun keçirilməsi və gələcəkdə də belə forumların respublikamızda təşkil olunacağını deyib.

Hicran Hüseynova bildirib: “Hesab edirəm ki, bu gün biz 2017-2018-ci illər üçün fəaliyyətimizi nəzərdən keçirməklə yanaşı, ölkələrimizin iqtisadi fəaliyyətində qadınların iştirakına mane olan, davamlı inkişafın məqsədlərini həyata keçirən zaman ortaya çıxan problemlərin aradan qaldırılmasına mane olan əsas problemlərin müzakirəsi, gender bərabərliyinin və qadınların hüquq və imkanlarının gücləndirilməsi üçün təcrübə platforması yarada biləcəyik”.

Tədbirdə çıxış edənlər iqtisadi-inkişaf sahəsində qadınların səlahiyyətlərinin təşviqinə yönəlmiş iqtisadi siyasətin və təcrübənin həyata keçirilməsi, onlar üçün müvafiq iqtisadi və biznes mühitinin yaradılması, qadın sahibkarlarının bilik və bacarıqlarından mükəmməl istifadə olunması məsələlərinə dair fikirlərini səsləndiriblər.

Forum çərçivəsində gələcək əməkdaşlıq, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə layihəsidir. Proqramın əsas məqsədləri və fəaliyyət istiqamətləri 1998-ci il martın 26-da qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan SPECA Proqramının iştirakçılarıdırlar. Azərbaycan 2002-ci il 28-29 noyabr tarixlərində Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilib. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 2010-cu il 1-2 dekabr tarixlərində Bakı şəhərində nazirlər görüşü keçirilib. 2016-cı ildə SPECA-ya Azərbaycan sədrlik edib. İqtisadiyyat Nazirliyinin və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının həmsədrliyi ilə Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası keçirilib.

Arxiv üzrə axtarış