2018-05-21

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb. Tabloların hər birində xronoloji məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, bu mərkəzdə alimlər, müəllimlər, tələbələr tədqiqatlar aparacaq, Azərbaycanın ali məktəbləri, o cümlədən elm-təhsil ictimaiyyəti ilə əlaqələr quracaqlar. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov açılış mərasimində çıxış edərək bu mərkəzin Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

Arxiv üzrə axtarış