2017-02-26

Astanada dünya soyqırımlarına həsr olunmuş fotosərgi keçirilib

Astanada “Soyqırımdan uzaq, sülh uğrunda” adlı fotosərgi keçirilib.

Sərgidə dünyada insanlığa qarşı törədilən cinayətlərə - Kamboca, Ruanda, Holokost və Xocalı (1992) soyqırımlarına həsr olunmuş fotolar nümayış olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Qazaxıstanın və Azərbaycanın parlament nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Qazaxıstan Xalqlar Assambleyasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tələbələr və soydaşlarımız iştirak ediblər.

Sərgidə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Avropa ölkələri 22 fevral tarixini Cinayət Qurbanları Günü kimi qeyd edirlər. Soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayət növüdür. Biz Avropa Şurasının üzvü kimi bu tarixdən yan keçə bilməzdik. Məhz buna görə də dünyada baş verən ən böyük soyqırımları əks etdirən fotosərgini təşkil etdik. Bizim tədbirimiz cəmiyyətdə sülhün və həmrəyliyin möhkəmləndirilməsinə yönəldilib. Sərginin adından da aydın olur ki, biz bu cür hadisələrin təkrarlanmasına etiraz edirik.

Səfir qeyd edib ki, biz istənilən təzahürün qarşısını ala bilmək üçün tariximizi bilməliyik, bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Dünyada xalqlar arasında sülh və həmrəylik qıtlığının yarandığı bir gündə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün bu cür tədbirləri keçirməliyik.

Tədbirdə iştirak edən Qazaxıstan Parlament Məclisinin vitse-spikeri Vladimir Bojko müsahibəsində bildirib: “Bəzi liderlər insanların, xalqların hisslərini nəzərə almadan məsələnin həllini müharibədə görürlər. Bu da soyqırımına gətirib çıxarır. Yüz minlərlə, milyonlarla insanların qətli ilə nəticələnən bu cür hadisələrin baş verməməsinə çalışmaq lazımdır. Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti dövründə bu cür məsələlərin həllinə toxunacaq”.

Tədbirdə iştirak edənlər bu cür tədbirlərin keçirilməsinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verəcəyini qeyd ediblər.

Fotosərgiyə gələnlərə Xocalı faciəsi haqda ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” kampaniyasının dünyada uğurla həyata keçirildiyi bildirilib. Bu kampaniya nəticəsində artıq Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığı diqqətə çatdırılıb.

Arxiv üzrə axtarış