2017-02-21

Fevralın 21-də Qazaxıstan Parlament Məclisində Qazaxıstan və Azərbaycan parlament nümayəndələrinin görüşü keçirilib.

Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun sədri Adil Əliyev, deputat Naqif Həmzəyev və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Qazaxıstan tərəfdən Parlament Məclisinin sədr müavini Vladimir Bojko, Məclis komitəsinin sədri Omarxan Oksikbayev, deputat Aşimbayev Maulen iştirak ediblər.

Vladimir Bojko ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin nəqliyyat–tranzit sahəsində əməkdaşlığın prioritet istiqamətləri, birgə iri layihələrin reallaşdırılması kimi məsələlər diqqətə çatdırılıb.

Söhbət zamanı Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlaması, hər iki ölkədə həyata keçirilən konstitusiya islahatları qeyd edilib.

Qazaxıstan Xalqlar Assambleyasının fəal üzvü olan Azərbaycan diasporu hər iki ölkə arasında “qızıl körpü” adlandırılıb.

Parlamentlərdəki dostluq qruplarının ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Arxiv üzrə axtarış