2016-12-07

Qızılorda şəhərinin yeni hissəsinin salınmasında Azərbaycanın tikinti şirkətləri iştirak edəcəklər

Qazaxıstanın Qızılorda şəhərinin yeni hissəsinin salınmasında Azərbaycanın tikinti şirkətləri iştirak edəcəklər. Bu məsələ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qızılorda vilayətinin akimi Krımbek Kuşerbayevlə görüşündə müzakirə olunub.

Krımbek Kuşerbayev bildirib ki, Azərbaycan şirkətlərinin bu sahədə mühüm təcrübəsi var. O, hələ Aktauda akim işləyərkən şəhərdə müasir, cəlbedici binaların tikintisində azərbaycanlı şirkətlərin iştirakından yararlandığını söyləyib. Akim vurğulayıb ki, Qızılordanın yeni hissəsinin salınmasında da Bakının memarlıq üslubunun qazax milli ornamentləri də istifadə edilməklə tətbiqində çox maraqlıdır. O, bununla bağlı artıq vilayətin və şəhərin baş arxitektorlarını Bakıya ezam etdiyini və Qızılordanın sağ sahilinin tikintisində Azərbaycan memarlığının əsas elementlərinin çoxluq təşkil edəcəyini vurğulayıb.

Görüşdə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsindən danışılıb, Qızılordada mövcud investisiya layihələri barədə ətraflı məlumat verilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. “Azərbaycan və Qazaxıstan xalqları türk və qardaş xalqlardır”, - deyən səfir Rəşad Məmmədov iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsində iş adamlarının imkanları barədə danışıb, eləcə də Azərbaycanda istehsal olunan məhsulların Qazaxıstanda təşviqini təşkil etmək üçün qarşıda duran məsələlər barədə fikirlərini bölüşüb.

Görüşdə Qızılorda vilayətinin biznes imkanları, Azərbaycanın ixrac potensialı, eləcə də digər sahələr barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, Qızılorda şəhərinin yeni hissəsinin tikintisində iştirak edilməsi məsələsinin araşdırılması üçün Azərbaycanın bir sıra tikinti şirkətlərinin Qızılorda vilayətinə səfərləri təşkil olunacaq. Aktauda Azərbaycan investisiyası hesabına tikilən Logistika Mərkəzi Qərbi Qazaxıstanı qida məhsulları ilə təmin edir. Diplomat bildirib ki, ölkəmiz qida və sənaye məhsulları ilə Qızılorda vilayəti ilə yanaşı, bütün Qazaxıstan bazarına çıxmaqda maraqlıdır. Görüşün əsas nəticəsi olaraq əməkdaşlığın intensivləşməsi üçün yeni işçi qrupunun yaradılması qərara alınıb.

Səfər zamanı Qazaxıstanda yeni yaradılmış Azərbaycanı Sahibkarlar İttifaqı tərəfindən Qızılorda vilayətinin Ticarət Sənaye Palatasında yerli distribüter və topdansatış şirkətləri, həmçinin satış şəbəkələrinin iştirakı ilə ölkəmizin ixrac potensiallı şirkətlərinin və “Azərsun” Aktau Logistik Mərkəzinin təqdimatları keçirilib.

Görüşdə, həmçinin qeyd olunub ki, 2016-cı ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 112,1 milyon dollar təşkil edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur.

Görüşdə nümayəndə heyətinin tərkibində Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə nümayəndəsi Nəsimi Şikarov və Azərbaycanlı Sahibkarlar İttifaqının sədri Gündüz Məmmədli də iştirak ediblər.

Arxiv üzrə axtarış