2016-10-30

Azərbaycanla Qərbi Qazaxıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə silsilə tədbirlər davam etdirilir

Səfirliyin növbəti tədbiri Uralskda Xalq Assambleyasının üzvləri ilə görüşdə baş tutdu

Uralskda Xalq Assambleyasının üzvləri ilə görüş keçirilib. Uralskda “Dostluq evi” adlandırılan qərargahda keçirilən görüşdə 16 milli azlığın icma rəhbərləri və Azərbaycan icmasının fəalları iştirak edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 2016-cı ildə Qazaxıstan Parlamentində keçirilən seçkilərdə bu ölkənin müstəqillik tarixində ilk dəfə olaraq 1 azərbaycanlı Məclis Parlamentinə, digər 5 azərbaycanlı vilayət və şəhər məslixatına deputat mandatı əldə ediblər. Yeri gəlmişkən, həmin görüşdə azərbaycanlı deputatlardan ikisi iştirak edirdi. Diplomat Uralsk vilayətində yaşayan azərbaycanlılara yaradılan şəraitə görə Qazaxıstan rəhbərliyinə, o cümlədən yerli icra strukturlarının rəhbərlərinə təşəkkürünü bildirib. Vurğulanıb ki, son illər iki ölkə arasında siyasi-iqtisadi əlaqələr getdikcə dərinləşir, münasibətlərin inkişafında yeni mərhələ başlanır. Rəşad Məmmədov Azərbaycanda 2016-cı ilin multikulturalizm ili kimi qeyd edildiyini önə çəkərək bildirib ki, Azərbaycanda 40-dan artıq milli azlıq üçün bütün şərait yaradılıb. Səfir Uralsk şəhər Xalq Assambleyasının rəhbərliyini Azərbaycan modelinin öyrənmək üçün Azərbaycana dəvət edib. Tədbirdə bir daha vurğulanıb ki, azərbaycanlı icması Qazaxıstanın ayrılmaz bir hissəsidir və bu baxımdan bölgənin inkişafında onların da xüsusi töhfələri var. Sonra Qərbi Qazaxıstanla iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı hərtərəfli müakirələrə başlanılıb. Bir daha qeyd olunub ki, qazaxıstanlı sahibkarlar üçün Azərbaycanda istehsal olunan məhsullarla tanışlıq məqsədilə silsilə tədbirlər keçiriləcək və bu tədbirlərin təşkilində Xalq Assambleyasının da imkanlarından istifadə olunacaq. Bununla bağlı təbliğat-təşviqat işləri intensiv xarakter alacaq.

Arxiv üzrə axtarış