XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Euronews"da yayımlanan veriliş qərəzlidir
Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) "Euronews" telekanalının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı verilişə münasibət bildirib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, "Euronews" telekanalının "İnsiders" verilişində müxbir Valerie Gauriat tərəfindən qərəzli və birtərəfli xətt yeridilib. XİN rəsmisinin sözlərinə görə, proqramda Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim bir qurum kimi təqdim edilib: "Bu da işğal və təcavüz faktına, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməyə göz yummaqdan başqa bir şey deyil. Bu həm də jurnalist obyektivliyi, "Euronews"un həmişə tərəfdar çıxdığı qərəzsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən "Euronews"un çəkiliş qrupu Azərbaycanda olarkən Xocalı sakinləri ilə görüş keçirib. Xocalısakinləri ilə görüşmələrinə baxmayaraq, onlar Xocalı sakinlərinin iztirablarını, Ermənistan tərəfindən onlara qarşı törədilmiş işgəncələri verilişdə əks etdirməyiblər. Bu da narahatlıq doğuran növbəti məqamlardan biridir".H. Hacıyev qeyd edib ki, verilişdə Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyət göstərən qeyri-qanuni iqtisadi qurum "Artsah Fruit" şirkəti haqda da məlumat verilib: "Bu məlumatın verilməsi, "Artsah Fruit" şirkətinin nümayəndəsinin açıqlaması onu göstərir ki, Ermənistan bu məsələdə də beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yürüdür. Şirkət təmsilçisi onların məhsullarında Ermənistanın etiketindən istifadə olunduğunu bildirir. Bu da məhsulun ixracı zamanı digər ölkələrin gömrük rejiminin aldadılmasına xidmət edir, çünki məhsulların ixracı zamanı onların istehsal mənşəyi düzgün şəkildə qeyd edilməlidir. Ümumiyyətlə biz bu verilişi qərəzli hesab edirik. Veriliş jurnalist obyektivliyi prinsipindən kənardır. Bu kimi məsələlərdə, xüsusən Azərbaycan-Ermənistan münaqişəsinin işıqlandırılması prosesində jurnalistlər obyektivlik prinsiplərinə ciddi şəkildə riayət etməlidirlər. Azərbaycan yenə də bu məsələdə yerli və beynəlxalq media üçün yaratdığı mətbuat azadlığı imkanlarını bir daha təsbit etmiş oldu. "Euronews"un jurnalisti Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmət etdiyini ifadə edərək jurnalist fəaliyyəti üçün ona icazə verilməsini xahiş etmişdi. Mətbuatın azadlığını hər zaman dəstəkləyən ölkəmiz ona Azərbaycan ərazisində, eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərmək üçün akkreditasiya kartı vermişdi. Amma təəssüf ki, verilişin hazırlanması prosesində obyektivlik və jurnalist qərəzsizliyi prinsiplərinə tam şəkildə riayət edilməyib". Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.