Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşısında duran iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.
BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxudu.
Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış etdilər.
Forum işini plenar iclasla və "dəyirmi masa" rəhbərlərinin çıxışları ilə davam etdirir.