news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2019

Respublika Günü və Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi münasibətilə Nur-Sultanda rəsmi qəbul təşkil olunub

Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən paytaxt Nur-Sultanda Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi və Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Rəsmi qəbulda Qazaxıstan rəqəmsal inkişaf, aerokosmik və müdafiə sənayesi naziri Askar Jumaqaliyev, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, hərbi attaşelər, Qazaxıstanda mədəniyyət mərkəzlərinin rəhbərləri, ölkənin tanınmış ziyalıları, deputatlar, jurnalistlər və Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımız üçün tarixi hadisə olduğunu bildirən ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov qeyd edib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixin müəyyən dövrlərində böyük imperiyaların tərkibində olmaq məcburiyyətində qalıb.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin siyasi yenidənqurma dövründə yarandığını və ilk gündən demokratiya və bərabərlik prinsiplərinə əsaslandığını Cümhuriyyətin bütün vətəndaşlara eyni hüquqlar verərək, irqi, milli, dini və sinif bərabərsizliyini aradan qaldırdığını deyib.

Azərbaycan xalqının milli dövlətçiliyin bütün xüsusiyyətlərini qorumağa müvəffəq olduğunu söyləyən Rəşad Məmmədov ulu öndər Heydər Əliyevin xalqımızın milli şüurunun inkişafındakı xidmətlərindən bəhs edib. Diplomat bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq qədim dövlətçilik ənənələrinə sadiq qaldı. Cümhuriyyətin üçrəngli bayrağını, himnini və gerbini qəbul etdi və ölkəmizdə hər il 28 may tarixi Respublika Günü kimi təntənəli şəkildə qeyd edilir.

Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu xatırladan səfir ölkəmizin ərazi bütövlüyünün bərpasının zəruriliyini, bu münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli şəkildə həll edilməli olduğunu vurğulayıb.

Azərbaycanın qazandığı uğurlardan bəhs edən diplomat bildirib ki, bütün çətinliklərə baxmayaraq, ardıcıl və proqnozlaşdırıla bilən siyasət sayəsində ölkəmiz müasir iqtisadiyyat qurub. Azərbaycan irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçılarından biridir.

Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını qeyd edib, son 15 ildə ölkə iqtisadiyyatının 15 dəfə artdığını, investisiya miqdarının 260 milyard dollardan çox olduğunu bildirib.

Qeyd olundu ki, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın valyuta ehtiyatları 4,1 faiz artaraq 46,6 milyard dollara çatıb. 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan ÜDM-i 3 faiz təşkil edib. İnflyasiya səviyyəsi 2,1 faizdir. Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir.

Rəşad Məmmədov bildirib ki, Qazaxıstan və Azərbaycan xalqları əsrlər boyu dərin tarixi köklərə malikdirlər. Müstəqillik dövründə Qazaxıstan-Azərbaycan siyasi və iqtisadi əlaqələri uğurla inkişaf etdirilib və bu gün ölkələrimiz arasındakı münasibətlər strateji xarakter daşıyır.

Bütün istiqamətlərdə, o cümlədən mədəni, humanitar, iqtisadi, siyasi sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Biz ikitərəfli əlaqələrimizi aktiv şəkildə inkişaf etdirmək arzusundayıq. 2017-ci illərdə qəbul edilmiş 2018-2020-ci illər üçün ticari-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsinin effektiv tətbiqi artıq öz bəhrəsini verir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ilə nisbətdə 1,6 dəfə artaraq 220,7 milyon dollara çatıb.

Qazaxıstan rəqəmsal inkişaf, aerokosmik və müdafiə sənayesi naziri Askar Jumaqaliyev qeyd edib ki, Azərbaycan iqtisadi inkişafında və vətəndaşların rifahında böyük uğurlar qazanıb. Dost ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur.

Qazaxıstan rəsmisi bildirib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Xəzərin hüquqi konvensiyasının imzalanması, nəqliyyat-kommunikasiya layihələrində yeni imkanların yaradılmasına şərait yaradır. Bu baxımdan Azərbaycan və Qazaxıstan yalnız yaxşı qonşular deyil, həm də uzunmüddətli tərəfdaşlardır.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Ziyafətdə beynəlxalq və respublika müsabiqələrin laureatı Bəxtiyar Məmmədov tarda ifa edib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti