Qazaxıstanın paytaxtı Astanada 28 may Respublika günü ilə əlaqədar rəsmi qəbul keçirilib
Bayram tədbirində Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Qazaxıstan parlamentinin üzvləri, çoxsaylı hökümət nümayəndələri, xarici ölkələrin bu ölkədə akkreditə olunan səfirləri, diplomatlar, hərbi atteşelər, nüfuzlu elm, mədəniyyət, ictimai xadimlər, jurnalistlər və digər mötəbər qonaqlar iştirak ediblər.
VİDEO: Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən Astana şəhərindəki “Redisson” otelində bu ölkədə tanınan xalçaçı azərbaycanlı Zakir Binnətlinin xalça kolleksiylarından ibarət sərgisi keçirilib. Azərbaycanda keçiriləcək Formula-1 yarışları ilə bağlı nümayiş olunan video-çarx iştirakçılarda böyük maraq oyadıb. Azərbaycan və müasir Bakı haqqında da film təqdim edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndilib. 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat verib. Cümhuriyyətin yaradılmasının 98-ci ildönümü tamam olur. Təxminən 23 ay yaşamasına baxmayaraq bu illər ərzində çox böyük işlər görülüb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Diqqətə çatdırılıb ki, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışaraq hələ də torpaqlarımızın 20 faizinin işğal altında olduğunu diqqətə çatdırıb.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq etdiyini də önə çəkib.
Sonra xalq artisti, məşhur caz ustası Cavan Zeynallının ifasında konsert proqramı təqdim edilib. Tədbirdə qonaqlar üçün rəsmi ziyafət verilib.