QAZAXISTANDA GƏNCƏYƏ HÜCUMUN QURBANLARI ANILIR
Ermənsistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə hücumu 300 minədək soydaşımızın yaşadığı Qazaxıstanda hiddətlə qarşılanıb. Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına faciə qurbanlarını anmaq üçün xatirə guşəsi yaradılıb.
Ermənistanın Azərbaycana təcavüzünü, mülki şəxslərə və şəhərlərə hücumunu, uşaqların öldürülməsini pisləmək məqsədilə Azərbaycanın Qazaxıstandakı səfirliyinin önünə yerli xalqın nümayəndələri və burda yaşayan soydaşlarımız toplaşıblar. Onlar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək terrora, erməni vandalizminə son qoyulmasını tələb ediblər.
Paytaxt Nur-Sultan sakinlərinin dəstə-dəstə gələrək ziyarət etdikləri anım guşəsində Ermənistan ordusunun 17 oktyabrda ikinci dəfə raket hücumu etdikləri Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən məlumatlar, “Erməni təcavüzünə son”, “Gəncə üçün dua et”, “Mülki şəxslərə hücumlara son” kimi şüarlar, həyatını itirən uşaqların fotoları yerləşdirilib. Ziyarətçilər səfirliyin önünə əklillər və gül-çiçək dəstələri qoyublar, raket hücumunu və uşaq ölmlərini əks etdirən fotoşəkilləri özləri Səfirliyin hasarına asıblar.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, cəbhədə baş verən son hadisələr, düşmən ordunun mülki şəxslərə və infrastruktura raket hücumu barədə məlumat verib.
Qazaxıstanda yaşayan yerli xalqların nümayəndələri də mülki şəxslərə hücumu qətiyyətlə pisləyiblər.
Anım mərasimi çərçivəsində Səfirliyin inzibati binasında Ermənistanın Gəncə və digər yaşayış məntəqələrinə raket hücumunu əks etdirən videokadrlar nümayiş etdirilib. Qazaxıstanın nüfuzlu ictimai xadimləri, yerli xalqların nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri, jurnalistlər və bu ölkədə yaşayan soydaşlarımızın qatıldığı mərasim gün boyu davam edib.
Qeyd edək ki, anım guşəsi bir neçə gün səfirliyin önündə qalacaq və arzu edən şəxslərin ziyarətinə açıq olacaq.