Nur-Sultanda “Azərbaycanın və Qazaxıstanın müstəqilliklərinin qurulmasında milli liderlərin rolu” adlı konfrans keçirilib
Qazaxıstanın paytaxtı Nur-Sultanda ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunan “Azərbaycanın və Qazaxıstanın müstəqilliklərinin qurulmasında milli liderlərin rolu” adlı konfrans keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.
Səfir Rəşad Məmmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Diplomat qeyd edib ki, tarixi şəxsiyyətlərdən biri olan dünya şöhrətli siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahatlar və quruculuq işləri həyata keçirib. Ümummilli Lider Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olub.
Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün böyük işlər gördüyünü diqqətə çatdıran səfir Ulu Öndərin bütün həyatını xalqının rifahına həsr etdiyini və ölməzlik qazandığını bildirib.
Diplomat qeyd edib ki, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu üzvü kimi etibarlı mövqeyini gündən-günə gücləndirməkdə davam edir. Təməli ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulmuş Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Rəşad Məmmədov müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlığın daha da möhkəmləndirildiyini və bu gün əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyini deyib. Ulu öndər Heydər Əliyevin çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin yaxınlaşması və əməkdaşlığı məsələləri bu gün dövlət başçıları Kasım-Jomart Tokayev, İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali deyib ki, ümummilli lider Heydər Əliyevin Elbası Nursultan Nazarbayevlə çox səmimi dostluq, qardaşlıq münasibətləri olub. O, iki ölkənin hər zaman bir-birini ən yüksək səviyyədə dəstəklədiyini bildirib. Qeyd edib ki, hər iki lider türk dünyasının inteqrasiyası, qaynayıb-qarışması, xalqlarımızın yaxınlaşması üçün böyük səylər göstərib.
Akademiyanın prezidenti qeyd edib ki, türk dövlətlərinin inteqrasiyasına xidmət edən təşkilatların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Türk dünyasının ana kitablarından olan “Kitabi-Dədə Qorqud”un 1300, İmadəddin Nəsiminin 650, Məhəmməd Füzulinin 500 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi, türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün taleyüklü məsələlərin müzakirəsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
D.Kıdırali türk dövlətlərinin iqtisadi-mədəni yaxınlaşması, birliyi məsələlərinin, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanmasının Heydər Əliyevi çox düşündürdüyünü vurğulayıb. Qeyd edib ki, bu il 10 illik yubileyini qeyd etdiyimiz Türk Şurası və Beynəlxalq Türk Akademiyası kimi təşkilatlarımızın Nursultan Nazarbayevin təşəbbüsü ilə məhz Heydər Əliyevin dünyaya göz açdığı qədim Naxçıvan torpağında əsasının qoyulması da təsadüfi deyil. Bu, onun xidmətlərinə verilən ali qiymət idi və böyük rəmzi məna daşıyırdı.
L.Qumilyov adına Avrasiya Milli Universitetinin Heydər Əliyev adına auditoriyasının müdiri, universitetin Filologiya fakültəsinin dekanı Şolpan Jarınbekova ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətinin onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, məhz Filologiya fakültəsində Heydər Əliyev Mərkəzinin açılması təsadüfü deyil. Ümummilli Liderin Azərbaycan dilinin inkişafında xüsusi xidmətləri olub. Avrasiya Universitetində Heydər Əliyev Mərkəzinin və Bakı Dövlət Universitetində Abay Mərkəzinin fəaliyyət göstərməsi türk mədəniyyətinin, tarixinin inkişafıdır. Bu gün tələbələrimiz qardaş Azərbaycanın tarixi və mədəniyyətini öyrənməklə yanaşı, ölkənin inkişafında əvəzsiz xidmətləri olan dahi liderin həyat və fəaliyyəti haqqında da məlumatlandırılır. İki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməyəcəyik.
Qırğızıstan türkoloqu professor Kıdıralı Konkabayev Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, türk dünyası üçün əvəzsiz xidmətləri olan Heydər Əliyevin Sov.İKP MK üzvlüyünə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi onları çox sevindirib. “Hamılıqla bayram edirdik. Türk dünyasının nümayəndəsinin yüksək vəzifədə olması qürurverici idi”, - deyə professor qeyd edib.
Sonra Nur-Sultan şəhər akimatının Dövlət Akademik Filarmoniyasının simfonik orkestrinin baş dirijoru Yernar Nurtazin Azərbaycan və dünya bəstəkarlarından əsərlər ifa edib.