news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2020

Nur-Sultanda 20 Yanvar faciəsinə həsr edilən klassik musiqi konserti keçirilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti və fotosərgi təşkil olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutan tədbirdə tanınmış gənc pianoçu, beynəlxalq mükafatlar laureatı, Azərbaycan Opera və Balet Teatrı orkestrinin solisti Fəqan Həsənlinin təqdimatında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Şopen, Şnitke, Skryabin kimi Azərbaycan və dünya klassiklərinin seçilmiş əsərləri səsləndirilib.

Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, ictimai-siyasi xadimlərin və diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, klassik musiqi proqramını və sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyin necə əvəzsiz bir miras olduğunu bir daha xatırlatmaqdır. O vurğulayıb ki, 20 Yanvar qırğını Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir. Çünki ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsi oldu.

Diplomat qeyd edib ki, 1988-ci ildən erməni separatçılarının başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silahlı müdaxilə yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi.

Səfir çətin illərdə Azərbaycan ziyalılarının, xüsusilə ulu öndər Heydər Əliyevin cəsarətli mövqeyinin xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynadığını vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ölkənin Almatı və digər böyük şəhərlərində də analoji tədbirlər təşkil edəcək.

15793525121125158648_1000x669

1579352512405876146_1000x669

83009257_1561385457348235_4295128279964188672_o

15793525132603349055_1000x669

1579352513721860455_1000x669

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti