Noyabrın 8-də Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın Zəfər Günü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.
Qəbulda diplomatik missiya rəhbərləri və diplomatlar, Senatın üzvləri, ictimai-siyası xadimlər, Azərbaycan diasporunun nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Qazaxıstan Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti, şanlı qələbəmizə gedən yol, 44 günlük Vətən müharibəsi və hazırda azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan tarixə qovuşmuş bu münaqişənin hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarı olub. Lakin Ermənistan münaqişənin həlli üçün heç bir addım atmayıb, hərbi təcavüz siyasətini davam etdirib və beləliklə, Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib.
Səfir Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Azərbaycanın rəşadətli ordusunun əzmi ilə 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə tarixi ədalətin bərpa olduğunu vurğulayıb. O, hazırda regionun postmüharibə dövründə olduğunu bildirib və Qarabağda müasir texnologiyalar əsasında sürətlə davam edən bərpa və yenidənqurma işlərindən danışıb.
2020-ci ildə Ermənistanın hərbi təxribatı nəticəsində mülki vətəndaşlarımızın və hərbçilərimizin həlak olduğunu, terror aktı törətmək üçün diversiya qrupu göndərildiyini, nəhayət, sentyabr ayında kəndlərimizin atəşə tutulduğunu vurğulayan diplomat Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri gördüyünü deyib. Ağalar Atamoğlanov bildirib ki, əks-hücum əməliyyatı ilə başlanan 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı.
Səfir Füzuli şəhərində beynəlxalq hava limanının açılması, Şuşaya Zəfər yolunun salınması, bir sıra innovativ layihələrin, şəhər və qəsəbələrin, yolların və tunellərin təməlinin qoyulduğu barədə də məlumat verib. Qeyd edib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda yüksək iqtisadi fəallığı təmin etmək üçün rəqəmsal infrastruktur yaradılır, xarici şirkətlərin fəaliyyəti və xarici investisiyalar üçün əlverişli şərait mövcuddur.
O deyib: “Biz dost ölkələrin bu məsuliyyətli missiyada iştirak etmək və Qarabağın dirçəlişi prosesinə töhfə vermək təşəbbüslərini, o cümlədən Qazaxıstan tərəfinin mövqeyini alqışlayırıq. Qazaxıstan həmişə ədalətli mövqeyi ilə Azərbaycanın haqq işini dəstəkləyib. Qardaş və dost ölkələrimiz, xalqlarımız arasında yüksək etimad var. Bu, həmişə ən yüksək səviyyədə təsdiqlənir. Bunun üçün Qazaxıstan Respublikası parlamentinin rəhbərliyinin rolunu qeyd etməyə bilmərəm”.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədr müavini Balayim Kesebayeva Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpasının bütün türk dünyası üçün mühüm hadisə olduğunu vurğulayıb.
Sədr müavini bildirib ki, üçtərəfli bəyanatın tam həyata keçirilməsi uzunmüddətli sülh və sabitliyə, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın tam inkişafına xidmət edəcək. “Azərbaycan bizim strateji tərəfdaşımız və etibarlı müttəfiqimizdir. 2022-ci il biz Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində ölkələrimiz arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm bünövrə qoyulub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətlərinin əsasının qoyulmasına və inkişafına böyük şəxsi töhfələr vermişlər. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin apardıqları uğurlu siyasət nəticəsində iki qardaş xalqın münasibətləri dinamik şəkildə inkişaf edir”, - deyə Balayim Kesebayeva vurğulayıb.
Tədbirdə pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Azərbaycan Akademik Opera və Balet Teatrının müğənnisi, Əməkdar artist İlahə Əfəndiyevanın ifasında Azərbaycana həsr olunan musiqilər səsləndirilib.