news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 noyabr 2016

Kokşetauda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Azərbaycanlı iş adamlarının Qazaxıstan Assosiasiyasının üzvləri ilə Akmola vilayətinin regional sahibkarlar palatasında görüşü keçirilib. Görüşün əsas məqsədi iqtisadi və ticari əlaqələrin inkişaf etdiirlməsində iş adamlarının imkanlarını araşdırmaq, eləcə də Azərbaycanda istehsal olunan məhsulların Qazaxıstanda təşviqini təşkil etməkdir. Azərbaycanın Qazaxıstandakı səfirliyinin 1-ci müşaviri Ağacavid Ramazanov vurğulayıb ki, müzakirə olunacaq məsələlər arasında Akmola vilayətinin biznes imkanları, Azərbaycanın ixrac potensialı, eləcə də turizm əsas yer tutur. Azərbaycan MDB məkanında əsas ərzaq məhsulları ilə təmin edən ölkələr sırasında liderlik edir. İqtisadi inkişafın əsas faktoru kimi Aktauda Azərbaycan investisiyası hesabına tikilən Logistika Mərkəzi Qərbi Qazaxıstanı qida məhsulları ilə təmin edir. Diplomat bildirib ki, ölkəmiz qida və sənaye məhsulları ilə bütün Qazaxıstan bazarına çıxmaqda maraqlıdır. Sonra Kokşetauda fəaliyyət göstərən distribütor şirkətlərinin nümayəndələrinin də qatıldığı dəyirmi masada 400-dən artıq Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar haqqında geniş və ətraflı video-çarx nümayiş olunub. Təqdim edilən görüntülərdə kənd təsərrüfatı və istixana kompleskləri, çay fabrikləri və ət emalı, kağızın yenidən emalı, şəkər, süd və digər məhsullar istehsal edən zavodlar, konserv müəssisələri qazaxıstanlı iş adamlarında Azərbaycan məhsullarının keyfiyyəti haqqında müəyyən təəssüratlar yaratdı. Azərbaycanın biznes-investisiya Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli bildirib ki, təqdim edilən şirkətlər öz məhsullarının Qazaxıstana ixrac edilməsinə hazırdır. Eyni zamanda Akmola vilayətinin iş adamları istehsal üçün öz xammallarını, məhsulların ayrı-ayrı komponentlərini təklif edə bilər. Qazaxıstan sahibkarlarına elektron kataloqlar paylanıb, qarşılıqlı informasiya mübadiləsi haqqında qərarlar qəbul edilib. Görüşdə Azərbaycan tərəfinin Logistik imkanları haqqında informasiyalar qazaxıstanlı iş adamlarında böyük maraq oyadıb. Nəqliyyat imkanları, yükdaşımalarda ən yüksək xidmət ticari əlaqələrin imkanlarını artıran mühüm amillərdən biridir. Bildirilib ki, Logistik Mərkəz üçün yeni dəniz limanı tikilir ki, bu da yeni imkanların açılması deməkdir. Müzakirələrdə o da qeyd olunub ki, artıq Atırau, Aktau, Manqıstau və Uralsk şəhərləri ilə yükdaşımalarının həcmi artır. Görüşdə Azərbaycanın turizm imkanları da iş adamlarının diqqət mərkəzində olub. “Azal”ın Aktaudakı nümayəndəsi Zaur Qasımov ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib. Naftalan, Duzdağ kimi müalicəvi, kurort yerləri barədə bilgilər qarşı tərəfin marağına səbəb olub. Akmola vilayəti ilə turizm əlaqələrinin genişləndirilməsi məsələsi geniş müzakirə olunub.  Qazaxıstanın turfirmalarına bukletlər paylanıb, elektron kataloqlar təqdim edilib. Həmin kataloqlarda Azərbaycana tur marşrutlar haqqında müfəssəl təqdimatlar öz əksini tapıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti