news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2018

HÜSEYN CAVİDİN ŞEİRLƏR KİTABI QAZAX DİLİNƏ TƏRCÜMƏ OLUNUB

Qazaxıstanın Almatı şəhərində böyük ədibin qazax dilində işıq üzü görən şeirlər kitabının təqdimat mərasi keçirilib. Qazaxıstanın Almatı şəhərində yerləşən Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən tərcümə edilən və qazax dilində çapdan çıxan kitabın təqdimat mərasimində çıxış edən Universitetin rektoru Qalım Mutanov Azərbaycan ədəbiyyatının korifeyi Hüseyn Cavid yaradıcılığının türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini, bu il ali təhsil ocağında onun 135 illik yubileyinin keçirildiyini vurğulayıb. Bu kitabın da şairin yubileyi münasibətilə çap olunduğunu qeyd edən rektor Qazaxıstan ədəbiyyatşünaslarının Hüseyn Cavid yaradıcılığını daha geniş tədqiq etməli olduğunu bildirib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov vurğulayıb ki, ayrı-ayrı türk xalqlarının yaratdığı ümumi mədəniyyət xəzinəsini milli sərhədlərə sığışdırmaq mümkün deyil. Türk dünyasının ortaq dəyərlərini təbliğ edən, ortaq türk dilində əvəzsiz ədəbi nümunələr yaradan Hüseyn Cavidin yaradıcılığını öyrənməklə əslində, bütün türk dünyasının mədəniyyəti və həyatı ilə tanış olmaq mümkündür. Diplomat bildirib ki, 1982-ci ildə ədibin cənazəsinin uzaq Sibirdən gətirməsi ulu öndər Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində baş tutub. Bu hadisə Heydər Əliyevin təkcə Cavidə deyil, bütün türk dünyasına, onun bədii-ictimai fikir tarixinə dərin ehtiramının göstəricisi idi. Akademik Teymur Kərimli təkcə - “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” – misrasının Cavidin bütün yaradıcılıq fəlsəfəsini anlamağa kifayət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas verir ki, dilçilər, ədəbiyyatşünaslar bu məsələyə xüsusi diqqət yetirməklə ümumtürk mədəniyyətini, dilini, ədəbiyyatını zənginləşdirə bilərlər. Təqdimat mərasimində qazax alimlər böyük ədibin yaradıcılığı ilə bağlı müzakirələr aparıb və tələbələr onun şeirlərindən parçalar səsləndiriblər. Əl-Fərabi adına Milli Universitetdə “Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi”nin qurulması, eyni zamanda Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı xidmətlərinə görə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, akademik Teymur Kərimli və Azərbaycan əsilli qazax alim Əsli Osman Əl Fərabi Universitetinin yubiley medalı ilə təltif olunublar.  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti