Bu il Azərbaycandan Qazaxıstana nar, Naftalan mazı və sənaye boyalarının ixracı artırılacaq
AZPROMO-nun təşkilatçılığı ilə Qazaxıstanın Astana və Almatı şəhərlərinə 8-ci ixrac missiyasının nəticəsi olaraq bu ölkəyə Azərbaycan məhsullarının ixracı artırılacaq. 19 yerli şirkətin nümayəndəsi Almatı və Astanada ixrac imkanlarına dair ikitərəfli görüşlərdə bir sıra müqavilələr imzalayıblar. Danışıqlar zamanı Qazaxıstan şirkətləri Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstəriblər. Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Vaqif Tağıyevin verdiyi məlumata görə narın ölkə daxilində emalı ilə yanaşı ixracı da artır. İxracatçılar Aktauda yaradılan logistika mərkəzindən istifadə etməklə Qazaxıstana və Çinə ixracı genişləndirmək niyyətindədir. Nar istehsalı ilə məşğul olan şirkətlər tərəfindən də bununla bağlı bir sıra müqavilələr imzalanıb. Vaqif Tağıyevin sözlərinə görə Azərbaycanla Qazaxıstanın son vaxtlar sıx əlaqələri olduğuna görə, bu ölkəyə məhsul ixracı artıb. “Buna baxmayaraq biz yeni bazarları öyrənirik. Bir neçə dükan və topdansatış mərkəzi ilə ilkin razılaşmalar var. Bu deməyə əsas verir ki, bu il Qazaxıstana nar ixracını artıracağıq. Ötən il bu, 200-300 ton olub. Düşünürəm ki, bu il dəfələrlə artıra bilərik. Çünki hava şəraiti yüksək məhsuldarlıq üçün çox əlverişlidir,”-deyə Vaqif Tağıyev bildirib. Artıq Naftalan mazlarının istehsalı ilə məşğul olan yerli şirkətlə Qazaxıstan tərəfi ilkin anlaşma əldə edib.