news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2019

Azərbaycanla Qazaxıstanın Mangistau vilayətinin ticarət məsələlərinə dair müzakirələr aparılıb

Qazaxıstanın Mangistau vilayəti ilə Azərbaycan arasında xarici ticarət məsələləri müzakirə olunub. Qazaxıstanın Mangistau vilayətində səfərdə olan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov bir sıra görüşlər keçirib.

Mangistau vilayətinin akimi (qubernatoru) Serikbay Trumovla görüşən R.Məmmədov iki ölkə arasında ticari-iqtisadi, turizm, nəqliyyat və logistika əlaqələrini müzakirə edib. Vilayət başçısı “Aktau dəniz limanı” Azad İqtisadi Zonada investisiya layihələrinin həyata keçirilməsinin və yerləşdirilməsinin mümkünlüyünü bildirib.

R.Məmmədov səfəri çərçivəsində “Atameken” Milli Sahibkarlar Palatasının vilayət üzrə nümayəndəsi ilə birgə Azərbaycan investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə uzunmüddətli tikinti layihələrinin reallaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərlə səfirlik tərəfindən dəstək və digər məsələlər müzakirə olunub. Bundan başqa, vilayətdə içməli su, poladəritmə, meyvə-tərəvəz bazası, logistik mərkəz, tikinti sahəsində fəaliyyət göstərən 30-dan çox şirkətin rəhbəri ilə də müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Mangistau vilayətinin xarici ticarət əlaqələrində mühüm rol oynayır. Mangistau bölgəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin 7 ayında 31 milyon 990,1 min ABŞ dolları olub, bunun 28 milyon 118,1 min dolları ixracın, 3 milyon 871,9 dolları isə idxalın hesabına formalaşıb. Mangistau bölgəsində Azərbaycan kapitallı 245 müəssisə qeydiyyata alınıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti