Azərbaycanın Qazaxıstandakı səfiri etimadnaməsinin surətini təqdim edib
Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin müavini Samat Ordabayevə təqdim edib.
Nazir müavini qardaş ölkənin yeni səfirini salamlamaqdan məmnunluğunu ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, Azərbaycan tərəfindən Qazaxıstanı yaxından tanıyan diplomatın səfir təyin edilməsinin sevindirici hal olduğunu söyləyib və bunun ölkələrimiz arasındakı əlaqələrin inkişafına yeni ruh verəcəyinə əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan əməkdaşlıq münasibətlərindən danışılıb və gündəliklə duran məsələlər ətrafında müzakirələr aparılıb.