Azərbaycanın Baş naziri Novruz Məmmədovun Qazaxıstanın ən böyük tirajlı dövlət qəzeti olan “Egemen Qazaxıstan” qəzetinə müsahibəsi dərc olunub
Azərbaycanın Baş naziri Novruz Məmmədovun Qazaxıstanın ən böyük tirajlı dövlət qəzeti olan “Egemen Qazaxıstan” qəzetinə müsahibəsi dərc olunub. Müsahibə Baş nazirin MDB hökümət rəhbərləri Şurasının Astana görüşü ərəfəsində işıqlandırılıb.
Baş nazir Novruz Məmmədov “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində bildirib ki, 1993-cü ildən MDB-nin rəsmi üzvü olan Azərbaycan təşkilat çərçivəsində müxtəlif sahələrdə, xüsusən humanitar sahədə əməkdaşlığın inkişafına böyük önəm verir. Mədəniyyət, elm, idman və digər sahələr üzrə həyata keçirilən çoxtərəfli əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. MDB, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla bərabər, cinayətkarlığa və müasir təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsində də öz töhfəsini verməkdədir. MDB Hökumət Başçıları Şurasının Qazaxıstanda nəzərdə tutulan növbəti iclası üzv ölkələr arasında bir sıra məsələlərin, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlərinin müzakirəsi baxımından, Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Müsahibədə vurğulanıb ki, qardaş Qazaxıstana səfər eyni zamanda bu ölkə ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə öz töhfəsini verəcək.
Novruz Məmmədov xatırladıb ki, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi faktorlar önəm kəsb edir. Eyni zamanda Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdırlar. Bizim ölkələrin liderləri, Ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev hələ Sovet dövründən iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu dostluq, qardaşlıq ənənəsi müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb. Baş nazir deyib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib. Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk.
Müsahibədə daha sonra diqqətə çatdırılıb ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. İnanıram ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişlənərək qlobal miqyasda öz töhfəsini verəcək. Müsahibədə Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlət başçılarının imzaladığı Konvensiyadan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların fəaliyyətindən, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın prioritet istiqamətlərindən geniş bəhs edilib.