Astana, 13 iyul 2016-cı il
Hörmətli cənab sədr,
Hörmətli həmkarlar,
Hörmətli görüş iştirakçıları,
Xanımlar və cənablar,
İlk öncə, icazə verin bütün görüş iştirakçılarını salamlayım və Qazaxstan hökumətinə Xəzəryanı dövlətlərin xarici siyasət orqanlarının rəhbərləri səviyyəsində görüş təşkil etdiyinə görə öz minnətdarlığımı bildirim. Əminəm ki, bu görüş mövqelərimizin daha da yaxınlaşması və vacib nəticələr əldə olunması üçün yaxşı imkan yaradacaqdır.
Danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bötüvlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edəcəkdir.
Bununla əlaqədar olaraq, xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işçi qrupunun məhsuldar işini və onların bir çox əsas müddəalarla bağlı konsensus əldə etmək istiqamətində səylərini xüsusi vurğulamaq istərdim. Ümid edirik ki, çoxillik əməyin nəticəsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaradacaqdır.
Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ticarət-iqtisadi, nəqliyyat-logistika və ekoloji sahələrdə, həmçinin təhlükəsizlik məsələləri ilə bağlı bir sıra sahəvi saziş layihələri irəli sürülmüşdür. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, bununla yanaşı müvafiq Konvensiyanın qəbulunadək Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə bilən müddəalara malik sənəd layihələrinin müzakirəsini vaxtından əvvəl hesab edirik. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, təklif olunan bütün sahəvi saziş layihələrinin müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır.
Hörmətli cənab sədr,
Hörmətli görüş iştirakçıları,
Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti sammiti keçirilənədək, Konvensiya layihəsinin bütün razılaşdırılmamış müddəaları üzrə razılaşmaların əldə olunması vacibdir. Bununla yanaşı, həmçinin Konvensiya layihəsinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün əsas təməl təşkil edən müddəalarını ən qısa müddət ərzində razılaşdırmaq üçün maksimum səy göstərmək lazımdır.
Ümidvaram ki, açıq dənizə çıxışı olmayan Xəzəryanı dövlətlərin Xəzər dənizindən başqa dənizlərə və Dünya okeanına sərbəst çıxış hüququ, tərəflərin hərbi gəmilərinin başqa ölkələrin milli suverenliyi altında olan zonalardan keçmə hüququ, həmçinin Xəzər dənizinin dibi və təkinin delimitasiyası, kabel və boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaqdır.
Bununla yanaşı, ümumtanınmış dünya praktikası əsasında və mövcud beynəlxalq prinsip və normalara müvafiq olaraq ilkin xətlərin çəkilməsi metodikasına dair konsensusun tapılması ümumi razılaşmaların əldə olunmasına kömək edəcəkdir.
Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk və Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik.
Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.
Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin Tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Etimad tədbirlərinə həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır. Biz həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün Tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birlərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birlərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır.
Hörmətli cənab sədr,
Hörmətli görüş iştirakçıları,
Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ən qısa müddət ərzində imzalanması Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin qorunması məsələləri ilə bağlı əməkdaşlığına yönələn daha effektiv tədbirlərin görülməsinə xidmət edəcəkdir.
Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulmuşdur, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaqdır. Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlamış və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim etmişdir.
Yekun olaraq, icazə verin bir daha Xəzəryanı dövlətlərin qarşıda duran vacib tapşırıqların həll edilməsinə yönələn səylərinin gücləndirilməsinə şübhəsiz kömək edəcək iclasın təşkilinə görə Qazaxıstan tərəfinə öz minnətdarlığımı bildirim.
Diqqətinizə görə təşəkkür edirəm.