Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanların anım mərasimi keçirilib.
Anım tədbirində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti, baş müfti Naurızbay Taqanulı, Qazaxıstanın parlament deputatları, yerli KİV nümayəndələri, blogerlər, hərbi ekspertlər və soydaşlarımız iştirak ediblər.
Müharibənin birinci ildönümünə həsr olunmuş görüşdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla anılıb, onların ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin əhəmiyyətli rolunu, siyasi iradəsini xüsusi qeyd edib. O, ölkəmizin ərazi bütövlüyünün - tarixi ədalətin bərpa edilməsi yolunda canlarını fəda etmiş qəhrəman Azərbaycan Ordusunun əsgər və zabitlərinin dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün fəxarət mənbəyi olduğunu xüsusi vurğulayıb. Azərbaycanın haqq mübarizəsinə hər zaman mənəvi dəstək vermiş Qazaxıstan xalqına minnətdarlığını ifadə edən QMİ sədri qardaş ölkədə yaşayan azərbaycanlıların hər zaman bu ölkənin nümunəvi vətəndaşları olduğunu bildirib, Vətənin mənafeyini daim uca tutmağın vacibliyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Naurızbay Taqanulı Azərbaycan şəhidlərinin xatirəsinə dua oxuyub, ruhlarını rəhmətlə yad edib.
Qazaxıstanla Azərbaycanı tarixi dostluq-qardaşlıq telləri bağladığını, iki ölkənin strateji tərəfdaş və müttəfiq olduğunu bildirən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən ölkələrimiz arasındakı təməli qoyulan dostluq və qardaşlıq əlaqələrinin bu gün Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən uğurla inkişaf etdirildiyini deyib.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan tərəfi ilə həyata keçirdiyi ikitərəfli əməkdaşlıq xarici siyasətimizin prioritetləri sırasındadır. O, ikitərəfli əlaqələrdəki hazırkı dinamikanı yüksək dəyərləndirərək, bu münasibətlərin davamlı olması üçün xalqlarımızın mənafeyi naminə səylərin davam etdiriləcəyini deyib.
Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarının qarşısını almaq üçün cavab tədbirləri gördüyünü söyləyən diplomat, bununla da 44 günlük Vətən müharibəsinin başlanğıcının qoyulduğunu vurğulayıb.
“Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, ölkəmizin ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa olundu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təkbaşına təmin etdi.
Azərbaycan xalqı heç vaxt işğalla barışmağı düşünməyib. Torpaqlarımızın işğalı dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də bildirmişdi ki, Azərbaycan heç bir zaman bu vəziyyəti qəbul etməyəcək və nəyin bahasına olursa olsun, işğaldakı bütün torpaqları azad edəcək.
Azərbaycan ərazilərinin işğalına son qoyulması bu torpaqlarda erməni vandalları tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Onlar Azərbaycan ərazisində tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan olunması, infrastrukturun tamamilə dağıdılması, kütləvi şəkildə minaların basdırılması və digər vəhşiliklər törədiblər”, - deyə Ağalar Atamoğlanov bildirib.
İşğaldan azad olunmuş ərazilərdə hazırda bərpa və yenidənqurma işlərinin aparıldığını qeyd edən diplomat bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan hökumətinin bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyünü də vurğulayıb.
Bölgədəki reallıqların dəyişdiyinə və ədalətin bərqərar olunduğuna diqqət çəkən səfir deyib: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açıb. Bu gün biz məhz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimiz, eləcə də Ermənistan tərəfinin raket zərbələri nəticəsində şəhid olmuş dinc sakinlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.
Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırəli çıxışına öz həyatları bahasına bu gün bizim rahat şəkildə, rifah içində yaşamağımıza vəsilə olan “Şəhidlər” şeri ilə başlayıb.
“Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər”.
Akademiya rəhbəri bildirib ki, şəhidlər bizə azadlığımızı, istiqlalımızı bəxş etdilər. Biz də onların sayəsində müstəqilliyimizin dəyərini, qiymətini idrak etdik. Bu azadlıq toxumları cücərdi və 44 günlük müharibədə böyük Zəfərə gətirib çıxardı. Bu Qələbə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm zəfəridir. Çünki bu, bütün Türk xalqlarında milli ruhun yüksəlişinə səbəb oldu, vətənə, torpağa, öz dəyərlərinə bağlılıq hissini gücləndirdi.
Darxan Kıdırəli fürsətdən istifadə edərək 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atan qardaş Azərbaycan xalqını, Prezident İlham Əliyevi, Azərbaycan əsgərini ürəkdən təbrik edib.
Vətən müharibəsi dövründə göstərdikləri dəstəyi qeyd edən Beynəlxalq Türk Akademiyasının rəhbəri müharibənin ilk günləri Ermənistanın təcavüzünü pisləyən bəyanat yaydıqlarını, sonra Gəncə və Bərdədə günahsız, dinc insanlara Ermənistanın raket hücumunu pisləyən bəyanatlar verdiklərini vurğulayıb.
İnformasiya cəbhəsində qardaş Azərbaycanın yanında olduqlarını qeyd edən Beynəlxalq Türk Akademiyasının rəhbəri Ermənilərin xain hücumunu yerində görmək və qınamaq məqsədilə Gəncə və Bərdə şəhərlərinə səfər etdiklərini, Azərbaycan xalqı və dövləti ilə həmrəy olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb. O deyib: “Azərbaycan və Qazax xalqlarının min illər öncəyə dayanan zəngin tarixi var. Müstəqillik əldə etdikdən sonra bu münasibətlərimizi yüksək səviyyəyə qaldırmaq imkanımız yarandı”.
Vətən müharibəsi şəhidlərinin anım mərasimi ehsan süfrəsi ilə başa çatıb.