Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov 16 may tarixində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər etmişdir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov 16 may tarixində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində X.Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yerjan Kazıxan ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, habelə regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Müzakirələrdə tərəflər ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələrinin artan dinamika ilə inkişaf etdiyini vurğulayaraq, münasibətlərin gələcək inkişaf perspektivləri, o cümlədən nəqliyyat, kommunikasiyalar, ticarət, logistika, infrastruktur quruculuğu, energetika, regional bağlantıların inkişafı və digər mühüm sahələr üzrə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparmışdır. Həmçinin, tərəflər Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunmuş, regionda sabitlik və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Həmçinin, iki ölkə arasında çoxtərəfli formatlar çərçivəsində uğurla əməkdaşlıq edildiyi qeyd olunmuşdur. Bu xüsusda, Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində X.Xələfov AQEM-in baş katibi Kayrat Sarıbay və Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakayev ilə də görüş keçirmişdir. Görüşdə AQEM sədrliyinin gündəliyinin icrası ilə bağlı müzakirələr aparılmışdır.