Azərbaycan parlamentinin nümayəndə heyəti Astanada TürkPA-nın tədbirlərində iştirak edib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA Assambleya Şurasının və təşkilatın növbəti 6-cı plenar iclaslarında iştirak edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Çingiz Qənizadə, İlham Əliyev, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubovla görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, habelə ölkələrimizin ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib. Söhbət zamanı Həbibulla Jakupov Azərbaycanda parlament seçkilərinin uğurla keçməsi, həmçinin Milli Məclisin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Oqtay Əsədovu təbrik edib. O, TürkPA-nın fəaliyyətinin səmərəliliyinin artırılmasında və əldə etdiyi uğurlarda Azərbaycanın Assambleyaya sədrliyini yüksək qiymətləndirib. Qeyd edib ki, TürkPA türkdilli ölkələr arasında dialoq üçün mühüm platformadır və onun nüfuzu getdikcə daha da artır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türk Akademiyasında “Menqi tas” (“Əbədi daş”) abidəsinin elmi bərpasından sonra açılışında və “Böyük Çöldə dövlətçilik və parlamentarizm” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransa parlament sədrləri, digər rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpusun nümayəndələri, görkəmli alimlər və ziyalılar qatılıblar.
Tədbirdə çıxış edən sədr Oqtay Əsədov Azərbaycan parlamenti adından iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Türk xalqlarının bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr verdiyini bildirən sədr Azərbaycan xalqının tarixi ərazilərində qədim dövrün Manna, Skif padşahlığı, Atropatena, Albaniya, orta əsrlərin Şirvanşahlar, Sacilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və digər dövlətlərinin olduğunu bildirib.
Oqtay Əsədov qeyd edib ki, XX yüzilliyin əvvəllərində Azərbaycanda Cümhuriyyətin yaradılması ilə dövlətçilik potensialımız yenidən real şəkil alıb. Elə həmin dövrdə, 1918-ci ildə Azərbaycanda müasir dövrün parlamentarizminə uyğun qanunverici orqan yaradılıb. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq bu parlament Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bildi. Bu işlər sayəsində müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli qoyuldu. Dövlət bayrağı və himni qəbul edildi, ana dili dövlət dili oldu. Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara seçki hüququ verdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratdı. Lakin Azərbaycan xalqının parlamentarizm ənənələrinin inkişafi təkcə bu dövrlə məhdudlaşmır. Məlum olduğu kimi, hələ çar Rusiyası dövründə Dövlət Dumasına müxtəlif vaxtlarda 13 azərbaycanlı deputat seçilib və onun fəaliyyətində yaxından iştirak edib.
Milli Məclisin sədri deyib ki, Azərbaycanın dövlətçilik və parlamentarizm ənənələri sovet dövründə də inkişaf edib, 1991-ci ildən isə yeni inkişafa qədəm qoyub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yüksək xidmətləri sayəsində qorunub saxlanılmış dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etdirilir və müstəqillik yollarında inamlı addımlar atır. Azərbaycan türk dünyasının bir parçası olduğuna görə onun tarixi də şanlı türk tarixinin bir hissəsidir. Qardaş türkdilli xalqlar yaşadıqları bölgələrin hakim geosiyasi üzvü olaraq bir çox cəhətdən oxşar və çətin yol keçiblər. Türkdilli xalqların Sakit okeandan Aralıq dənizinə, Qərbi Avropaya və Afrikaya qədər olan geniş ərazidə, o cümlədən Avrasiyanın qəlbi sayılan Böyük Çöldə yaratdıqları dövlətlər dünya tarixində dərin izlər qoyub. Xalqlarımızın hər biri əcdadlarından miras qalan dövlətçilik və parlamentarizm ənənələrinə əsaslanaraq müasir dövlətlər qurub. Bu gün dünyanın siyasi meydanında altı müstəqil türk dövlətinin olması bizim gücümüzdür. Ortaq kökləri, tarixi və mədəniyyəti bölüşən türkdilli xalqların sıx birləşməsi, əlbir hərəkət etməsi tarixi zərurətdir. Türkdilli dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, TÜRKSOY təşkilatının, Türk Akademiyasının və digər qurumların yaradılması məhz bu zərurətdən irəli gəlir.
Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakupov etnik və konfessional millətlər üçün yeni imkanlar, perspektivlər təmin edən yeni Qazaxıstanın təməlinin qoyulduğunu bildirərək bununla əlaqədar keçirilən beynəlxalq konfransın və türkdilli xalqların ortaq dəyərlərinin dövlətçilik ənənələrinin dərin elmi qiymət baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Muzeyində, ölkənin birinci Prezidentinin Kitabxanasında olub.
Həmin gün Müstəqillik Sarayında Assambleya Şurasının iclası keçirilib. TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov giriş nitqi ilə çıxış edərək Azərbaycanın təşkilata sədrliyinin nəticələri haqqında məlumat verib, bu dövr ərzində üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişaf etdiyini deyib.
Sonra TürkPA sədrliyinin təhvil verilməsi mərasimi keçirilib. Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakupov çıxış edərək Assambleya Şurasının gündəliyini elan edib.
İclasda TürkPA Katibliyinin fəaliyyəti, 2014-cü il üzrə büdcəsinin həyata keçirilməsi ilə bağlı hesabatlar dinlənilib. TürkPA Katibliyinin 2016-cı il üzrə büdcəsi təsdiq edilib, komissiya katibi vəzifələrinə namizədlər müəyyənləşib, Astana Bəyannaməsinin layihə mətni müzakirə olunub.
Tədbirdə TürkPA tarixində ilk dəfə olaraq Oqtay Əsədov, Həbibulla Jakupov, Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisin sədri İsmayıl Qəhrəman türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri səylərə görə TürkPA-nın medalları ilə təltif olunublar.