Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi sürətlə artır
Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların təşviqi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi ölkəmizin xarici bazarlara çıxışını təmin edib. İqtisadi imkanların genişlənməsi Azərbaycan şirkətlərinin daxili tələbatı təmin etməsi ilə yanaşı, ölkənin ixrac potensialında da pay sahibi olmalarına gətirib çıxarıb.
Azərbaycanın ixrac-idxal əməliyyatlarında vacib yer tutan ölkə kimi son illər qonşu Qazaxıstan azərbaycanlı sahibkarlar üçün xüsusilə cəlbedici olub. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 faiz artıb. Belə ki, ötən il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 142 milyon dollar olmuşdusa, bu ilin altı ayında bu göstərici artıq 117 milyon dollara çatıb. Buna iki ölkə arasında siyasi əlaqələrin, qarşılıqlı hörmət və etimad mühitinin son zamanlar ən yüksək səviyyəyə çatması öz təsirini göstərib. Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi, yerli şirkətlərə dövlət qayğısı, investisiyaların və ixracın təşviqinə dövlət zəmanəti şirkətlərin xarici ölkələrdə, o cümlədən Qazaxıstanda fəaliyyətinə münbit zəmin yaradıb. Prezident İlham Əliyev demək olar ki, bütün xarici səfərlərində həm daxildə, həm də xaricdə fəaliyyət göstərən şirkətlərin hüquqlarının qorunduğunu, onların dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayır. Dövlət başçısı tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında qoyulan ən vacib vəzifələrdən biri məhz diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərdiyi xarici ölkələrdə Azərbaycan şirkətlərinin hüquq və mənafelərinin qorunması, onlar üçün yeni bazarların təşviqidir. Bu da öz növbəsində Azərbaycan şirkətlərinin fəaliyyətinə müsbət təsir göstərir, onlara etibar və etimadın ən yüksək səviyyədə olmasını təmin edir.
Bunun nəticəsidir ki, cari ilin birinci rübündə Qazaxıstan Azərbaycanın 15 ən iri ixracatçısı sırasına daxil olub. Hazırda Azərbaycan Qazaxıstandan taxıl, qara metal, lokomotivlər, dəmir yolu infrastrukturuna aid avadanlıqlar, yanacaq məhsulları, bəzi növ sənaye məhsulları idxal edir və bəzi neft avadanlığı, metalokonstruksiya, kənd təsərrüfatı və yeyinti məhsulları ixrac edir.
2018-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 116,48 milyon dollar, o cümlədən idxalın həcmi 93,43 milyon dollar, ixracın həcmi 23,05 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsində 56,4, o cümlədən ixracın 67,6, idxalın isə 53,8 faiz artdığını göstərir. İdxalda artım əsasən yanacaq məhsulları, xam neft və buğda, ixracda isə qara metallar, reaktiv kerosin yanacağı, maşın, elektrotexniki avadanlıq, toxuculuq məmulatları və s. hesabına olub.
Ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmayıb. Azərbaycanlı sərmayədarlar Qazaxıstan iqtisadiyyatına fəal sərmayə yatırır. Azərbaycan şirkətləri ölkədə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Belə ki, Qazaxıstanın müxtəlif vilayətlərində gəmi təmiri zavodu, logistik mərkəz, transformator zavodu, taxıl terminalı, polietilen məhsulları və plastik boru zavodu, pambıq emalı zavodu kimi istehsal müəssisələri Azərbaycan investisiyaları ilə yaradılıb və Azərbaycan şirkətləri bu vilayətlərdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, bir çox yerlərdə avtomobil yollarının tikintisi, yaşayış binalarının inşası, suvarma sistemlərinin qurulması, su ehtiyat anbarlarının tikintisi, ölkə ərazisindəki yeganə tunelin inşası ilə bağlı tenderlərdə Azərbaycan şirkətləri qalib gəliblər.
Bu il Almatı şəhərində keçirilən “KazBuild 2018” XXV beynəlxalq inşaat sərgisinə Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” brendi altında ilk dəfə qatılması da son illər ən yüksək səviyyəyə çatan qarşılıqlı iqtisadi etimadın göstəricisi olub. Azərbaycan tərəfindən ixrac və investisiyalara yüksək dövlət zəmanəti və Qazaxıstandakı əlverişli sərmayə mühiti nəticəsində 14 şirkət Azərbaycanın milli stendində özlərinin istehsal etdikləri tikinti və interyer məhsullarını nümayış etdirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Qazaxıstanın üç şəhərində Azərbaycan Ticarət Evinin açılması da nəzərdə tutulub.