Azərbaycan ilə Qazaxıstan arasında teleradio sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
"Qazaxıstan" Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyəti Azərbaycanın televiziya kanalları ilə əməkdaşlıq edəcək.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun Səhmdar Cəmiyyətin idarə heyətinin sədri Nurjan Muxammedjanova ilə görüşündə bununla bağlı, eləcə də informasiya mübadiləsinə dair müzakirələr aparılıb.
N.Muxammedjanova tərkibinə 3 respublika, 14 regional televiziya, 4 radio və 36 saytın daxil olduğu nəhəng media resursu olan "Qazaxıstan" Respublika Teleradio Korporasiyasının "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və digər televiziya kanalları ilə əməkdaşlıq etməsi haqqında sazişin işlənib hazırlandığını, bu sazişin imzalanması üçün Azərbaycana səfər edəcəyini söyləyib. Sazişin operativ informasiya mübadiləsində, ölkələrdə baş verən hadisələri birbaşa işıqlandırılmasında mühüm rol oynadığı vurğulanıb və KİV-lərlə əməkdaşlıq sayəsində gələcəkdə həyata keçiriləcək birgə layihələrin hər iki tərəf üçün faydalı olacağı qeyd edilib.
Səfir R.Məmmədov teleradio sahəsində iki ölkənin əməkdaşlığının genişlənməsinin önəmini qeyd edib, sosial-iqtisadi həyatın, mədəniyyətin dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilinin, müştərək video layihələrin, film nümayişinin dost və qardaş xalqlarımızın daha da yaxınlaşmasında faydalı olacağını deyib. Televiziya qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsinin iki ölkə arasında münasibətlərin yeni məcrada inkişafına əlverişli imkanlar yarada biləcəyini söyləyən diplomat bu baxımdan səfirliyin Qazaxıstan KİV-ləri ilə istənilən əlaqənin qurulmasına və informasiya mübadiləsinin genişləndirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Söhbət zamanı hər iki ölkənin televiziya məkanında turizmin daha da inkişaf etdirilməsi məqsədilə sənədli filmlərin nümayişi məsələsi müzakirə olunub və bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin, birgə layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Azərbaycan ilə Qazaxıstan arasında sıx əlaqələrin olduğu diqqətə çatdırılıb, dövlətlərimizin müstəqilliklərini bərpa etdikdən sonra əldə etdikləri uğurlar qeyd olunub.