news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 dekabr 2015

Azərbaycanın Astanada keçiriləcək “EKSPO 2017-Gələcəyin enerjisi” Ümumdünya Sərgisində rəsmi təmsil olunması barədə iki ölkə arasında saziş imzalanıb.

Azərbaycan Respublikasının Energetika Nazirliyində Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayevın rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Astana EKSPO-2017” Ümumdünya Sərgisinin komissarı , energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Natiq Əliyev Azərbaycanın “EKSPO 2017" sərgisində iştirakı ilə bağlı görülən işlər barədə məlumat verərək, dünyanın 55 ölkə və 13 beynəlxalq təşkilatının iştirak edəcəyi bu Sərgini Qazaxıstanın imkanlarının nümayişi baxımından siyasi əhəmiyyətə malik mühüm tədbir kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycan bu tədbirin keçirilməsində Qazaxıstana dəstək verməklə yanaşı, gələcəyin enerjisinin müəyyənləşdirilməsinə də öz töhfəsini verməyə hazırdır. Xəzəryanı ölkələrin o cümlədən, Azərbaycanın burada təmsil olunması iştirakçı ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq. Təşkil olunacaq sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna siyasi dəstək verməklə yanaşı, enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrdə ölkəmizin iştirakına şəraiti təmin edəcək. Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev də Sərginin əhəmiyyətindən danışaraq, enerji problemlərinin həllində Azərbaycanın Qazaxıstanla birgə çıxış etməsi üçün bu tədbiri mühüm platforma hesab edib. Müzakirələrdən sonra Azərbaycanın Astanada keçiriləcək “EKSPO 2017-Gələcəyin enerjisi” Ümumdünya Sərgisində rəsmi təmsil olunması barədə iki ölkə arasında saziş imzalanıb. Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EKSPO 2017” sərgisində təmsil edəcək milli komissar təyin edilib. “EKSPO 2017” sərgisinin əsasən dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin kimi) sonra 2017-ci ildə neft və qaz ehtiyatlarına malik Xəzəryanı ölkədə - Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti