news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 mart 2016

ASTANA TƏNTƏNƏLİ NOVRUZ MƏRASİMİ KEÇİRİLİB

Qazaxıstanın paytaxtı Astanada bu ölkənin Azərbaycandakı səfirliyinin və icmanın birgə təşkilatçılığı ilə Novruz bayramı mərasimi keçirilib. Mərasimdə Qazaxıstanda akreditə olunan xarici ölkələrin səfirləri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri  iştirak ediblər. Tədbir çərçivəsində qədim və müasirliyin vəhdətini özündə əks etdirən Bakı haqqında foto sərgi keçirildi. Eləcə də Azərbaycanın istehsal etdiyi məhsullar, ölkəmiz haqqında müxtəlif nəşrlər nümayiş olundu. Qonaqların diqqətini qədim Azərbaycan xalçalarından ibarət sərgi və kompozisiya cəlb etdi. Xalçaların üzərində mis qablar, milli çalğı alətləri və digər eksponatlar tədbir iştirakçılarında xalçaçılıq sənətinə marağı daha da artırdı. Mərasimdə Novruz bayramı haqqında qısametrajlı sənədli film nümayiş olundu. Sonra çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirdi ki, 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib. İl çərçivəsində Novruz şənliyi Azərbaycanımızda da daha təntənəli şəkildə qeyd edilməkdədir. Bir çox fərqli mədəniyyətin bir arada yaşadığı Azərbaycanda bütün azsaylı, etnik xalqlara məxsus mədəni müxtəliflik dövlət tərəfindən qorunur. Səfir məlumat verdi ki, bayram mərasimində etnik türk və talışların milli mətbəxinin nümayişi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə təbii ki, digər xalqların mədəniyyəti mütləq olaraq təbliğ ediləcək. Səfir xüsusi olara vurğuladı ki, bir çox azərbaycanlıların taleləri elə gətirib ki, onlar öz doğma torpaqlarından didərgin düşərək Qazaxıstan torpağına pənah gətiriblər. Qazax xalqı da onlara böyük qayğı göstərib, isti qucaq açıb, onların cəmiyyətə inteqrasiyası üçün münbit şərait yaradıb. Bu gün Qazaxıstan həmin azərbaycanlılarının ikinci Vətənidir. Məhz bununla bağlı 1 mart Təşəkkür günündə azərbaycanlılar qazax xalqına öz minnətdarlığını, təşəkkürünü bildiriblər. Sonra Qazaxıstan Xalq Assambleyası katibliyinin rəhbəri Eralı Tuqjanov çıxış edərək bildirdi ki, Qazaxıstanda da Novruz bayramı xalqın ən qədim bayramlarından hesab edilir. Hazırda bu ölkədə 130-dan çox xalq yaşayır. Bu isə Qazaxıstanda tolerantlığın, multikulturalizmin, dözümlülüyün bariz nümunəsidir. Sonra mərasimdə Novruz adət-ənənələri nümayiş olundu. Həmin adətlərdən biri kimi Novruz tonqalının, bayram şamlarının yandırılması oldu. Səhnəyə Bahar qızı gəldikdən sonra diplomatik korpusun rəhbərləri yumurta döyüşünü nümayiş etdirdilər. Qonaqlara məlumat verildi ki, bu gün Novruzun xalqımız tərəfindən sevilməsi onun adətləri ilə də sıx bağlıdır. Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək, yallı getmək və  xoruz döyüşdürmək kimi Novruz oyunları min illərin adət-ənənəsidir. Tədbirdə milli mətbəximizlə yanaşı Azərbaycan ərazisində yaşayan, Azərbaycan millətinin tərkib hissəsi olan azsaylı xalqlardan biri olan talışların və axısqa türklərinin mətbəxi təqdim edild, musiqiləri dinlənildi. Mərasim bayram konserti ilə davam etdirildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti