news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 noyabr 2025

Astana şəhərində 8 Noyabr – Zəfər Günü, 12 noyabr – Konstitusiya Günü və 2025-ci il - Konstitusiya və Suverenlik ili münasibətilə rəsmi qəbul keçirilmişdir.

12 noyabr tarixində Astana şəhərində 8 Noyabr – Zəfər Günü, 12 noyabr – Konstitusiya Günü və 2025-ci il - Konstitusiya və Suverenlik ili münasibətilə rəsmi qəbul keçirilmişdir.

Tədbirə QR Parlamenti Senatı və Məclisinin deputatları, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Nəqliyyat Nazirliyi, Kazenergy” Assosiasiyası və digər dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri, eləcə də QR-da akkreditə olunmuş diplomatik korpus, yerli diaspor üzvləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.

Qəbul Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov çıxışının əvvəlində Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə başsağlığı vermişdir. Bu faciəvi hadisə səbəbindən rəsmi qəbulda nəzərdə tutulmuş mədəni-musiqili proqramın ləğv olunduğunu elan etmişdir.

Sonra iştirakçılara Azərbaycan xalqının dövlətçilik ənənələrinə dair qısa məlumat verilmişdir. Səfir 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini – Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümünü və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının 5-ci ildönümünü özündə birləşdirdiyini diqqətə çatdırmışdır. 2023-cü ilin sentyabr ayında lokal xarakterli anti terror tədbirləri nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyinin tam bərpa olunduğunu qeyd etmişdir.

8 Noyabr – Zəfər Günü üzərində ayrıca dayanaraq, şanlı qələbəmizin 5 illiyini qeyd etdiyimizi demişdir. Həmin gün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yazdığını və tarixi Zəfər qazandığını, təkcə ərazi bütövlüyümüzü yox, həm də milli qürurumuzu bərpa etdiyimizi vurğulamışdır. Tarixi qələbənin xalqın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yürütdüyü uzaqgörən siyasəti sayəsində mümkün olduğunu söyləmişdir. Bir çox dost ölkələrin dövlət başçılarının Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubları göndərdiklərini, onların sırasında dost və qardaş Qazaxıstanın Prezidentinin də yer aldığını qeyd etmişdir.

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə də soydaşlarımıza təbriklərini çatdıraraq, müstəqilliyin bərpasından sonra bayrağımızın Azərbaycanın müqəddəs dövlətçilik simvollarından birinə çevrildiyini bildirmişdir.

Çıxışda işğaldan azad edilmiş ərazilərdə hazırda həyata keçirilən bərpa və quruculuq işləri, qaçqın və məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına geri qayıtması barədə də məlumat verilmişdir.

Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyi, bizi ortaq tarixi və etnik köklər, habelə oxşar mənəvi-mədəni dəyərlərin birləşdirdiyi qeyd olunmuşdur.

QR elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan Respublikası Höküməti adından çıxış edərək, bayramlar münasibətilə təbriklərini çatdırmışdır. Qeyd olunan əlamətdar hadisələrin Azərbaycanın müstəqilliyi, suverenliyi və davamlı tərəqqisinin möhkəm əsasını təşkil etdiyini demişdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət idarəçiliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində nailiyyətlərini yüksək qiymətləndirdiklərini bildirmişdir.

AR Prezidentinin son dövlət səfərinin ikitərəfli münasibətlər tarixində yeni dinamik səhifəni açdığını qeyd etmişdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti