news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 may 2018

Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlər kimi bizim üçün də qiymətlidir. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib. Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib. Diplomat diqqətə çatdırıb ki, bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atdı və bu sahədə qarşıya çıxan çətinlikləri aradan qaldırdı. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovçıxış edərək konfransın təşkilatçılarına – Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı. Darxan Kıdırəli qeyd edib ki, Beynəlxalq Türk Akademiyası bu tarixi hadisənin önəmini, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı Sərəncamı nəzərə alaraq geniş tədbirlər proqramı hazırlayıb. Biz artıq beynəlxalq səviyyədə ilk tədbirimizi reallaşdırmışıq. Aprel ayında Parisdə UNESCO-nun baş qərargahında keçirdiyimiz beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyini və onun qurucularından olan Əlimərdan bəy Topçubaşovun 155 illiyini qeyd etdik. Cari ilin iyun ayında Astanada təşkil edəcəyimiz IV Böyük Beynəlxalq Humanitar Forumun bir panelini bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcəyik. Bununla yanaşı, ilk dəfə olaraq qazax dilində Cümhuriyyətə aid ensiklopedik xarakterli sənədlər və faktlarla zəngin olan nəfis tərtibatda kitab çapa hazırlanıb. Qazaxıstan Xalqları Assambleyasının üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər də yaxınlaşdırır. Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və Qazaxıstanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 300 mindən çox soydaşımız daim tarixi Vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə izləyir və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Saypulla Sapanov bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxından tanımağımız üçün ortaq keçmişdən süzülüb gələn dəyərlərimizi yenidən dərk etməli və onlara sahib çıxmalıyıq. Bu cür tədbirlərin, birgə elmi layihələrin reallaşdırılmasının əhəmiyyəti böyükdür. Saypulla Sapanov deyib ki, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir. Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti