28 May Respublika günü münasibətilə Qazaxıstanın Aktau şəhərində Rəsmi qəbul keçirilib.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu tərəfindən keçirilən mərasimdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktaudakı baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistauda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, diaspor üzvləri, digər xalqların milli-mədəni cəmiyyətlərinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.
VİDEO: Rəsmi tədbirdə əvvəlcə Formula 1yarışlarının təqdimatı keçirilib. Bununla bağlı iştiraklçılara video-çarx nümayiş olunub. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin tarixindən danışıb. Sonra Azərbaycan tərəfdən ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov danışaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, qazanılan uğurlardan bəhs edib. Diplomat həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məlumat verib. Səfir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında da fikirlərini bölüşüb. Rəsmi qəbulda Qazaxıstan tərəfdən ali qonaq qismində Manqistau vilayət akimi (qubernatoru) Alik Aydarbayev çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Qubernator Aktauda azərbaycanlıların digər xalqlar kimi sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb. O dəfələrlə Bakıda olduğunu qeyd edərək ölkəmizin nə qədər qədim tarixə malik olduğunu önə çəkib. Manqistau vilayəti ilə ölkəmiz arasında bundan sonra da iqtisadi əlaqələr genişləndiriləcək, vilayətdə biznes mühitinin daha da əlverişli olması üçün davamlı addımlar atılacaq. Bütün bunlar isə Aktauda yaşayan azərbaycanlı iş adamlarının da fəaliyytində ciddi şəkildə özünü göstərəcək. Alik Aydarbayev əlaqələrimizin bu gün Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bir daha mərasim iştirakçılarının diqqətinə çatdırıb. Tədbir çərçivəsində, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, rəqs kollektivinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib. Baş Konsulluq tərəfindən Azərbaycandan dəvət olunan Zavan Zeynallının ifasında caz musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bayram tədbirində Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Qazaxıstan parlamentinin üzvləri, çoxsaylı hökümət nümayəndələri, xarici ölkələrin bu ölkədə akkreditə olunan səfirləri, diplomatlar, hərbi atteşelər, nüfuzlu elm, mədəniyyət, ictimai xadimlər, jurnalistlər və digər mötəbər qonaqlar iştirak ediblər.
VİDEO: Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən Astana şəhərindəki “Redisson” otelində bu ölkədə tanınan xalçaçı azərbaycanlı Zakir Binnətlinin xalça kolleksiylarından ibarət sərgisi keçirilib. Azərbaycanda keçiriləcək Formula-1 yarışları ilə bağlı nümayiş olunan video-çarx iştirakçılarda böyük maraq oyadıb. Azərbaycan və müasir Bakı haqqında da film təqdim edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndilib. 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat verib. Cümhuriyyətin yaradılmasının 98-ci ildönümü tamam olur. Təxminən 23 ay yaşamasına baxmayaraq bu illər ərzində çox böyük işlər görülüb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Diqqətə çatdırılıb ki, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışaraq hələ də torpaqlarımızın 20 faizinin işğal altında olduğunu diqqətə çatdırıb.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq etdiyini də önə çəkib.
Sonra xalq artisti, məşhur caz ustası Cavan Zeynallının ifasında konsert proqramı təqdim edilib. Tədbirdə qonaqlar üçün rəsmi ziyafət verilib.