20 yanvar 2025-ci il tarixində Səfirlikdə 20 yanvar – Ümumxalq hüzn günü ilə bağlı Qazaxıstanda yaşayan diaspor nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirilmişdir.
Tədbir Səfirlikdə yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq başlamış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, həmçinin iştirakçılar tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş stendin önünə gül dəstələri düzülmüşdür.
Səfir A.Atamoğlanov 20 Yanvar gününün Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli, həm də qəhrəmanlıq və rəşadət səhifəsi və qürur tarixi olduğunu qeyd etmişdir. Həmin günün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermiş, xalqın birliyi və milli ləyaqət hissinin silaha qalib gəldiyini vurğulamışdır. Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatları hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardığını diqqətə çatdırmışdır.
Səfir nəzərə çatdırmışdır ki, dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev öz yaxınları ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etmişdir.
Əlavə olunmuşdur ki, yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanmış, şəhidlərin xatirəsi əbədiləşdirilmiş və şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilmişdir.
Səfir nəzərə çatdırmışdır ki, 20 Yanvar xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.
Çıxışda Azərbaycanın bu günkü inkişafı haqqında da iştirakçılara məlumat verilmişdir.
Ölkəmizin inamla irəli getdiyi, sosial, iqtisadi, ordu quruculuğu və digər sferalarda genişmiqyaslı uğurlu islahatlar həyata keçirildiyi və bu işin davam etdiyi bildirilmişdir. Səfir vurğulamışdır ki, Vətənimiz dünya arenasında da layiqli yer tutmuşdur, beynəlxalq təşkilatlarda hörmət və nüfuza sahibdir. Məhz aparılan islahatlar, görülmüş tədbirlər və uzaqgörən siyasət nəticəsində Azərbaycan qüdrətlənmişdir, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şad olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoymuş, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bölgədə yeni reallıqlar yaranmışdır. İndi azad olunmuş ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olduğunu demişdir. Müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı Qazaxıstanın inkişafına soydaşlarımızın öz töhfələrini verdiklərini, onların ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərdiklərini qeyd etmişdir. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında həmvətənlərimizin də mühüm rol oynadıqlarını bildirmişdir. Həmçinin, 25 dekabrda AZAL-a məxsus sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanın aidiyyəti qurumları, sadə vətəndaşlarının dərhal köməyə gəlməsinin xalqlarımız arasında qardaşlıq bağlarının tək sözdə deyil, əməldə də öz təsdiqini tapdığını vurğulamışdır.
Öz növbəsində, diaspor nümayəndələri Mahir Rzayev və Səyyaf İsmayılov çıxış edərək səfirin fikirlərini bölüşmüş, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd etmiş, həmçinin İ.Əliyevin apardığı daxili və xarici siyasətə hərtərəfli dəstək göstərdiklərini bildirmişlər.
Tədbir çərçivəsində təşkil olunmuş sərgidə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən foto-ekspozisiya ilə tanış olmuşlar.
Tədbirin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, 20 Yanvar və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmış, onların ruhuna Quranı-Kərim oxunulmuş və dualar edilmişdir.
Həmçinin, 20 Yanvar faciəsini əks etdirən materiallar qazax dilində hazırlanaraq yerli media və Səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş, Qazaxıstanın dövlət qəzeti “Eqemen Qazaqstan”da müvafiq məqalə dərc olunmuşdur.