2016-11-01

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Atırau Vilayətinin Daxili İşlər Departamentinin rəisi Ayan Sabitoviç Duysembayevlə görüşüb

Görüşdə Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov və Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə nümayəndəsi Nəsimi Şikarov iştirak edib. Diplomat iki ölkə arasında mövcud əlaqələrin inkişaf perspektivlərindən danışıb. Azərbaycanla Qərbi Qazaxıstan arasında cinayətkarlıqla birgə mübarizə məsələləri müzakirə edilib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində informasiya mübadiləsinin intensivləşməsi mühüm əhəmiyyət kəsb edir. Atırauda azərbaycanlıların problemlərinin daim diqqətdə saxlanılmasının vacibliyi önə çəkilib. Atırau Vilayətinin Daxili İşlər Departamentinin rəisi Ayan Sabitoviç Duysembayev də öz növbəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd edilib ki, vilayətdə yaşayan azərbaycanlılar şəhərin ictimai-siyasi, eləcə də iqtisadi sahədə öz töhfələrini verirlər. Artıq onlar Qərbi Qazaxıstanın ayrılmaz tərkib hissəsidir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Qarşılıqlı hədiyyələr təqdim olunub. Sonra Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə nümayəndəsi Nəsimi Şikarovla Atırau Vilayətinin Daxili İşlər Departamentinin rəisi Ayan Sabitoviç Duysembayevin təkbətək görüşü olub.

Arxiv üzrə axtarış