2016-09-20

Energetika naziri, "EKSPO 2017" sərgisi üzrə milli komissar Natiq Əliyev "Astana EKSPO-2017" Milli Şirkətinin İdarə heyətinin sədri Axmetjan Esimovla görüşüb.

Görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı "EKSPO 2017" sərgisində təmsil edəcək milli komissar Natiq Əliyev görüşdə Azərbaycanın "EKSPO 2017" sərgisində milli pavilyonun təşkili ilə bağlı görülən işlər barədə məlumat verərək, dünyanın 103 ölkə və 13 beynəlxalq təşkilatının iştirak edəcəyi 3 aylıq sərgini Qazaxıstanın imkanlarının nümayişi baxımından siyasi əhəmiyyətə malik mühüm tədbir kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan bu tədbirin keçirilməsində Qazaxıstana dəstək verməklə yanaşı, gələcəyin enerjisinin müəyyənləşdirilməsinə də öz töhfəsini verməyə hazırdır. Xəzəryanı ölkələrin, o cümlədən, Azərbaycanın bu sərgidə təmsil olunması iştirakçı ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq. Təşkil olunacaq sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna siyasi dəstək verməklə yanaşı, enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrdə ölkəmizin iştirakına şəraiti təmin edəcək. Milli Komissar vurğuladı ki, sərgidə Azərbaycan üçün Heydər Əliyev Fondu tərəfindən təşkil ediləcək pavilyon özünəməxsus tərtibatı ilə seçiləcək.   "Astana EKSPO-2017" Milli Şirkətin İdarə heyətinin sədri Axmetjan Esimov isə sərginin əhəmiyyətindən danışaraq, enerji problemlərinin həllində Azərbaycanın Qazaxıstanla birgə çıxış etməsi üçün bu tədbiri mühüm platforma hesab edib. Axmetjan Esimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində EKSPO-2017-nin təqdimatını keçirmək niyyətini bildirib. Natiq Əliyev Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının birgə iclasında bu məsələnin də müzakirə ediləcəyini və təqdimatın keçirilməsi ilə bağlı hazır olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.  

 

Arxiv üzrə axtarış