2016-07-13

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edib

"Xəzərin statusu ilə bağlı əsas hüquqi sənəd beş ölkənin münasibətlərin gələcək arxitekturasının möhkəm təməlinin qurulması, bütün Xəzər regionunda sabit və davamlı inkişafının təmin edilməsini özündə əks etdirəcək". Bu barədə Qazaxıstan paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında məlumat verilib. Xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə geniş nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunur. Tədbiri giriş nitqi ilə açan Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov bu formatda görüşün Qazaxıstanda ilk dəfə keçirildiyini və iclasın 5-ci "Xəzər beşliyi" sammitinə hazırlıq çərçivəsində mühüm mərhələ olduğunu vurğuladı. Nazir qeyd etdi ki, kifayət qədər möhkəm hüquqi bazanın olmasına baxmayaraq, "Xəzər beşliyi" müxtəlif sahələrdə beynəlxalq müqavilələrin inkişaf tempini artırmaq niyyətindədir. Buraya ilk növbədə səlahiyyətli orqanlar arasında ayrı-ayrı istiqamətlər üzrə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlərlə əlaqədar qurumlararası protokolların hazırlanması daxildir. Nazir vurğuladı ki, hazırda tərəflərin qarşısında bir neçə saziş layihəsi var və vacib məsələlərdən biri beştərəfli sənaye sənədləri üzrə işin qiymətləndirilməsi olacaq. Əsas hüquqi sənəd Xəzərlə bağlı münasibətlərin gələcək arxitekturasının möhkəm təməlinin qurulması, habelə bütün Xəzər regionunun stabil və davamlı inkişafının təmin edilməsini özündə əks etdirəcək. Görüş daha sonra mətbuata qapalı şəkildə davam etdirildi. Qeyd edək ki, görüşün nəticələri ilə bağlı nazirlər günün ikinci yarısında mətbuata bəyanatlarla çıxış edəcəklər.

 

Arxiv üzrə axtarış