2016-05-06

Qazaxıstanın paytaxtı Astanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Müstəqilliyin 25 illiyi-Müstəqil dövlətlərin formalaşmasında liderlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq Türk Akademiyası və Azərbaycanın Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən öncə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı nəşrlərdən ibarət kitab sərgisi keçirildi. Burada ümummilli liderin həyatı və siyasi fəaliyyətilə bağlı ayrı-ayrı əsərlər iştirakçılarda böyük maraq oyatdı. Sonra Heydər Əliyevin həyatının müxtəlif dövrlərini özündə əks etdirən video-çarx nümayiş olundu.
Keçirilən Beynəlxalq konfransda bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, hərbi atteşelər, Qazaxıstanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları və tədqiqatçılar iştirak edirdi. Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Xıdırəli Heydər Əliyevi bütün türk dünyasının siyasi xadimi kimi dəyərləndirib. Bildirib ki, ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə böyük öndəri Azərbaycanın mənafeyi naminə misilsiz işlər gördüyünü diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, qardaş Qazaxıstanla Azərbaycan arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin mühüm xidmətləri olub.
Bu gün də həmin siyasətə söykənən münasibətlər getdikcə inkişaf edir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışarkən ümummilli liderin bu istiqamətdəki fəaliyyəti barədə də konfrans iştirakçılarına geniş məlumat verib. Bir daha qeyd edilib ki, ulu öndərin yüksək ideyaları, amalları bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın Ağsaqqallar Birliyinin üzvü, keçmiş senator Adil Əhmədov “Türk dünyasının formalaşmasında Heydər Əliyevin siyasi lider kimi rolu” mövzusunda çıxış edib. Tarix İnstitutunun direktoru Burkit Ayaqan onu nəinki Müasir Azərbaycanın, eləcə də regionun və dünyanın tarixi şəxsiyyəti kimi xarakterizə edib. Tarix belə liderləri heç vaxt unutmur.
Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri Vidadi Salahov “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda çıxışında bütün dünyada, o cümlədən Qazaxıstanda azərbaycanlıların vahid ideya ətrafında birləşməsindəki əvəzsiz xidmətlərindən danışıb.  “Nur Otan” Partiyasının Təhlil, Proqnozlaşdırma və Sosial Təşəbbüslər Mərkəzinin direktoru, akademik Kazbek Kaskenov və başqaları  Heydər Əliyevin siyasi lider kimi bir sıra səciyyəvi xüsusiyyətlərini qeyd ediblər. Vurğulanıb ki, onun cazıbədar, müdrik və uzaqgörən şəxsiyyət kimi liderliyi qeyri-stabil mühitdə yaşayan, xaosun girdabına yuvarlanan xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional dövlətə çevirdi, tarixi ənənələrini qorumaqla inkişaf kursunu seçən dövlət yaratdı. Tədbirdə Azərbaycan televiziyasının istehsalı olan Heydər Əliyevə həsr olunan film nümayiş olundu.

Arxiv üzrə axtarış