2016-03-31

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Almatıda "dəyirmi masa" keçirilib

"Ozan" Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Almatıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "dəyirmi masa" keçirilib. Tədbirdə Almatıda yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların diaspor mərkəzlərinin nümayəndələri də iştirak ediblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Dəyirmi masa"da çıxış edən səfirliyin nümayəndəsi 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığını vurğulayıb. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Türk Xalqları Fondunun prezidenti Axmed Doqduran, "El Birliyi" cəmiyyətinin sədri Şolpan Rizabekova, Əfqan Mədəni Mərkəzinin Rəhbəri Axmadulla Vastok, "Dünyaya Sülh" Beynəlxalq Yaradıcılıq Birliyinin vitse-prezidenti Ayan Mıltıkbeyov və digər mədəni mərkəzlərin rəhbərləri çıxışlarında ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıblar. Sonda azərbaycanlıların soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

 

Arxiv üzrə axtarış