2018-11-27
Astanada Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib

Astana şəhərində Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib.

“Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda keçirilən beynəlxalq parlament konfransı ölkə parlamentinin təklifi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edib. Konfransda İtaliya, Qırğızıstan, Litva, Rusiya, Türkiyə, Özbəkistan parlamentlərinin rəhbərlikləri ilə yanaşı, Qazaxıstan Parlamenti Məclisinin deputatları iştirak ediblər.

Konfransı açan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizliyin təmin edilməsi istiqamətindəki fəaliyyəti, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin prioritetlərinin reallaşdırılması kimi beynəlxalq təşəbbüslər, həmçinin ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar barədə məlumat verib.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanov konfransda çıxış edərək deyib ki, Qazaxıstan bu gün dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan regionda sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır. Qazaxıstan bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Birinci Prezident Günü münasibətilə təbriklərini çatdıran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə, nüvə silahının yayılmasının qarşısının alınması ilə bağlı məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. Milli Məclis sədrinin birinci müavini Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi ilə regionda sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olması üçün mühüm addımlar atdığını vurğulayıb.

Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin möhkəm təməlinin olduğunu söyləyən Ziyafət Əsgərov ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. “Xalqlarımız arasında qədim və tarixi əlaqələr mövcuddur. Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu əlaqələr bu gün sürətlə inkişaf edir”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.

Azərbaycanın və Qazaxıstanın beynəlxalq və regional təşkilatlarda mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Ziyafət Əsgərov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın qəbul olunması münasibətlərimizin daha da inkişafı üçün geniş perspektivlər açır.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mustafa Şentop, Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverov, Özbəkistan parlamentinin sədri Nurdincan İsmoilov, İtaliya parlamenti Deputatlar Palatasının vitse-prezidenti Rozato Ettore və başqaları çıxış edərək Konfransın əhəmiyyətindən, Qazaxıstanın son illər əldə etdiyi uğurlardan bəhs ediblər.

Konfrans “Astana vektoru, təhlükəsizlik və əməkdaşlıq” və “Qazaxıstanın qlobal təklifləri: sülh və həmrəylik ideyalarının təbliği” mövzularında panel sessiyalarla işini davam etdirir.

Konfrans çərçivəsində Ziyafət Əsgərov Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi, ticari münasibətlər, həmçinin parlamentlərarası əlaqələr müzakirə edilib. Söhbət zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsində parlamentlərin xüsusi rolu qeyd edilib.

növbəti xəbər əvvəlki xəbər

.