2017-07-10
Qazaxıstanın paytaxtı Astanada “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub.

Milli gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirildi. Əvvəlcə Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin müşayiəti altında dövlət bayraqları qaldırıldı.

Qazaxıstanın Energetika nazirinin müavini Maqzum Mirzəliyev bildirdi ki, ölkəsi Azərbaycanla ticarət və iqtisadi sahədə sıx əlaqələrini davam etdirir. Eləcə də nəqliyyat, tranzit və vergi sahələrində imzalanan sazişlər yaxın və qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir. Natiq vurğuladı ki, Qazaxıstanla Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində daim dünyada gedən proseslərə ümumi baxışları və üst-üstə düşən mövqeləri uğurla nümayiş etdirir. Qazaxıstan Azərbaycan üzərindən keçməklə Qafqaz marşrutu ilə Avropa bazarına çıxış imkanı əldə edir –deyən nazir müavini əlavə etdi ki, bu marşrutla öz növbəsində ölkəsi Azərbaycanın üzünə Orta Asiya və Çin qapılarını açır. Maqzum Mirzəliyev ümid etdiyini bildirdi ki, EXPO-2017 sərgisi enerji marşrutları üzrə əməkdaşlığa güclü təkan verəcək. Nazir müavini Azərbaycan nümayəndə heyətinə Milli Günün keçirilməsi münasibətilə öz təbriklərini çatdırdı, Azərbaycan tərəfinə EXPO-2017 sərgisində fəal iştirakına görə təşəkkürünü bildirdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov isə çıxışında vurğuladı ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə malikdir və iki xalq arasında əlaqələr hər zaman dostluğa söykənib. Anar Ələkbərov qeyd etdi ki, Azərbaycan müxtəlif ölkələri potensial imkanları ilə bir araya gətirən Beynəlxalq sərgidə iştiraka böyük əhəmiyyət verir və sevindirici haldır kı, Astanada təşkil olunan EXPO-da Azərbaycan pavilyonu  çox ziyarət olunan pavilyonlardandır.

"Gələcəyin Enerjisi" mövzusu bugünkü reallıqlara cavab verir və əlbəttə alternativ enerji mənbələri kimi başa düşülən bu sahənin inkişafı bəşəriyyəti narahat edən problemlərin həllinə mühüm imkanlar yaradır. Xüsusi olaraq vurğulandı ki, Azərbaycan EXPO-2017 sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olub. Natiq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana aprel ayında baş tutan rəsmi səfərini xatırladaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevlə Nursultan Nazarbayev arasında dostluq və qardaşlıq münasibətləri bu ənənələrin əsasını qoyub. Bu gün prezident İlham Əliyev və prezident Nursultan Nazarbayevin xidmətləri sayəsində Azərbaycanla Qazaxıstan əməkdaşlığı strateji xarakter daşıyır.  Anar Ələkbərov Azərbaycan pavilyonu haqqında danışaraq bildirdi ki, “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Paytaxt Bakının 2025-ci il Ümümdünya Sərgisinə ev sahibliyinə namizəd olduğunu deyən Anar Ələkbərov Azərbaycanın bu günədək bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırlatdı. Azərbaycanın bu sahədəki uğurunun 2025-ci ildəki Ümumdünya Sərgisinə namizədliyin qiymətləndirilməsi prosesinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu dedi.

Çıxışlardan sonra Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını özündə əks etdirən film nümayiş olundu. Azərbaycan nümayəndə heyəti Qazaxıstan pavilyonunu ziyarət etdi. Qonaqlara məlumat verildi ki, pavilyonun 1-ci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti,  adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin Muzeyi” sərgi iştirakçılarında böyük maraq oyadır. Ziyarətçilər “Nur Əlem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə bilirlər. Pavilyonun 2-8-ci mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş olunur. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Sonra Azərbaycan nümayəndə heyəti başda olmaqla bütün iştirakçılar Azərbaycan Pavilyonuna gəldilər. Qeyd edildi ki, ziyarətçilərə burada ölkəmizin tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan  foto və video materiallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.

Milli pavilyonda, həmçinin, Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Cilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini vurğulayır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların utilizasiyasının yeni texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model – Çıraq 1 platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orjinal qazma baltası, Azərbaycan istehsalı olan uç hissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

Pavilyonda Azərbaycana virtual tur - səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir,  milli çalarlı musiqinin müşayiəti  ilə  220° bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. Bu isə sərgini izləyənlərdə

Milli Gün münasibətilə Azərbaycan Pavilyonunun qarşısında konsert proqramı təşkil olundu. “Natiq” ritm qrupu və milli rəqslərimiz sərgi iştirakçılarının alqışları ilə qarşılandı. 

Qeyd edək ki, “EXPO 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir. Sərgi sentyabrın 10-dək davam edəcək. 

növbəti xəbər əvvəlki xəbər

.