2017-03-27
Qazaxıstanlı nazir: “Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır”

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb. Görüş zamanı müstəqillik dövrü ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb.Qeyd edilib ki, resurslarla zəngin və beynəlxalq nəqliyyat dəhlizləri üzərində əlverişli coğrafi mövqedə yerləşən hər iki dövlət müstəqillik əldə etdikdən sonra oxşar çağırışlarla üzləşib və dövlət quruculuğu sahəsində bir-birinin təcrübəsindən yararlanıb. Bütünsahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq ölkələrimizin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan, hərbi sənaye sahəsində də əlaqələrimizin güclənməsinin müsbət nəticələr verəcəyi, həmçinin bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi vurğulanıb. Nazir Beybut Atamkulov iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğundan danışaraq Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb. O, əldə edilmiş iqtisadi nailiyyətlər və güclü dövlət quruculuğu nəticəsində ölkəmizin regionun ən müstəqil ölkələrindən birinə çevrildiyini qeyd edib. Beybut Atamkulov bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Nazir müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən qardaş  Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayıb, bu sahədə ölkəmizin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu qeyd edib.

Səfir Rəşad Məmmədov isə öz növbəsində Azərbaycanın Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

Görüş zamanı qarşı tərəfə ölkəmizdə bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından danışılıb. Səfir ölkəmizdə  hər il keçirilən ADEX sərgisi barədə, eləcə də sərgidə iştirak edən ölkələr, şirkətlər, nümayiş edilən məhsullar və bağlanılan müqavilələrin miqyasının ildən–ilə artması ilə bağlı fikirlərini bölüşüb. Vurğulanıb ki, sərgi artıq dünyanın bir çox ölkəsinin müvafiq sahədə imkanlarının nümayiş etdirilməsi və əməkdaşlığın inkişafı üçün regionda ən mühüm platformaya çevrilib. Qazaxıstan tərəfi bu sərgidə aktiv iştirak etməyə dəvət edilib. Tərəflər arasında müvafiq sahədə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşməsi ətrafında müzakirələr aparılıb. Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan ölkəmizdə keçiriləcək növbəti ADEX sərgisində fəal iştirak edəcək, eləcə də milli stendlə çıxış edəcək. 

növbəti xəbər əvvəlki xəbər

.