2017-02-25
Azərbaycanla Qazaxıstan arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Qazaxıstan arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələr Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya naziri Dauren Abayevlə görüşündə aparılıb.

Nazir vaxtilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığını, Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüşdə ölkələrimiz arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin dövlət idarəetməsində informasiya və kommunikasiya sahəsindəkı innovasiyaların tətbiq edilməsi sahəsində müasir çağırışlara cavab verilməsi ilə bağlı ölkələrimizdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

“Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə uyğun olaraq hər iki ölkədə əhalinin istifadəsinə verilən elektron hökumət portallarının əhəmiyyəti qeyd edilib. “Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, onların avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının faydalı olacağı vurğulanıb.

Qazaxıstan və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmanın tətbiq edilməsi sahəsində regionda öncül ölkələrdən olması qeyd edilib, “ASAN xidmət” modeli ilə bağlı qarşı tərəfə məlumat verilib.

Həmçinin cari ildə “Bakı Formula 1”, “İslam Həmrəyliyi oyunları” və “Astana Expo-2017” beynəlxalq sərgisinin hər iki ölkənin KİV-lərində təşviq edilməsi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub. Qazaxıstanlı nazir hər il Azərbaycanda keçirilən “Bakutel” sərgisinə dəvət olunub.

növbəti xəbər əvvəlki xəbər

.