2016-05-28
Almatı şəhərində Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Növbəti rəsmi qəbul Almatı şəhərində keçirilib.

Almatı şəhər akimatı (qubernatorluğu), hökumət üzvləri, deputatlar, bu şəhərdə akkreditə olunmuş konsullar, ziyalılar, diaspor fəalları, KİV nümayəndələrinin iştirak etdikləri qəbulda əvvəlcə Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 98 il əvvəl müsəlman dünyasında ilk dünyəvi, demokratik respublikanın yaranma tarixindən danışaraq Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan bəhs edib. Diplomat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin göstəricisidir.

Səfir mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüz siyasətindən, Azərbaycanda aparılan siyasi-iqtisadi islahatların uğurlu nəticələrindən bəhs edib.

Rəşad Məmmədov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq prinsipinə, qarşılıqlı etibara əsaslanan əməkdaşlıq siyasi, ticari-iqtisadi, mədəni, humanitar və digər sahələrdə inkişaf edir. Ölkələrin potensialı iqtisadi əlaqələri və mal dövriyyəsini dəfələrlə artırmağa imkan verir. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə möhkəmlənən əməkdaşlıq əlaqələri iki qardaş xalqın liderləri – prezidentlər İlham Əliyevin və Nursultan Nazarbayevin həyata keçirdikləri uğurlu siyasətin prioritet istiqamətləridir.

Sonra Qazaxıstan xarici işlər nazirinin Almatı şəhərindəki nümyəndələyinin rəhbəri Arslan Dandıbayev çıxış edərək iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişaf templərindən danışıb. Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycanın nailiyyətlərini və beynəlxalq arenada nüfuzunu qürur hissi ilə müşahidə etdiyini bildirib.

Sonra Almatıda Azərbaycan mədəniyyətinin, eliminin təbliğində mühüm rol oynayan, şəhərin ictimai həyatında fəallıq göstərən icma üzvləri səfirliyin fəxri diplomları ilə təltif edilib.

Tədbirdə görkəmli incəsənət ustalarının ifasında ecazkar Azərbaycan təranələri, habelə milli mətbəximizin nümunələri təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər

.