2016-03-29
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Asset İssekeşevlə görüşüb

. Görüşdə qarşı tərəf nazirliyin yeni tərkibdə formalaşdığını qeyd edərək, Azərbaycanla nəqliyyat, İKT, xidmət və digər sahələrdə əməkdaşlığın imkanları və perspektivləri barədə məlumat verib.
Nazir ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi layihələr barədə məlumatlı olduğunu vurğulayıb. Asset İssekeşev xüsusi olaraq qeyd edib ki,
Azərbaycana səfər etmək niyyətindədir. O, Qazaxıstanın qərb vilayətləri ilə Azərbaycanın uğurlu ticari-iqtisadi əlaqələri olduğunu və bu əlaqələrin bütün Qazaxıstan üzrə inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Nazir onu da deyib ki, nəqliyyat sahəsində əməkdaşlıqda Qazaxıstan çox maraqlıdır. Qazaxıstan nümayəndəsi “İpək yolu” marşrutuna daxil olan ölkələr arasında tarif siyasətinin razılaşdırılmasının vacibliyini qeyd edib və bu sahədə Qazaxıstanın əməkdaşlığa hazır olduğunu bir daha önə çəkib.
Görüşdə xüsusi olaraq vurğulandı ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qafqaz regionunda məhz Azərbaycanın Qazaxıstanın strateji tərəfdaşı adlandırılması tərəflər arasında olan münasibətlərə verilən dəyərin bariz nümunəsidir. Səfir Rəşad Məmmədov bildirib ki, Azərbaycanla Qazaxıstan arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri böyük tarixə malikdir və bu gün ölkələrimiz arasında mövcud olan iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində lazımı tədbirlər görülür.
Görüşdə Azərbaycanda yaradılan sənaye parkları barədə məlumat verilib.  Eyni zamanda Gəncədə və Mingəçevirdə, Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin inşasının planlaşdırıldığı bildirilib və Azərbaycanın Sənaye Parklarındakı imkanlar barədə Qazaxıstan şirkətlərinin məlumatlandırılması məqsədilə materiallar təqdim olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

növbəti xəbər əvvəlki xəbər

.