2016-03-05
Azərbaycan ilə Qazaxıstanı tarixi dostluq və qardaşlıq əlaqələri birləşdirir

Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaşlardır. Xalqlarımızı və ölkələrimizi tarixi dostluq, qardaşlıq əlaqələri, oxşar adət-ənənələr birləşdirir.

Bu fikir Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ilə bu ölkənin milli informasiya agentliyinin – Kazinformun baş direktoru Dauren Diyarovun görüşündə xüsusi vurğulanıb.

Kazinformun baş direktoru D.Diyarov ötən ilin avqustunda Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşünü məmnunluqla xatırladı. O qeyd etdi ki, bu görüşdə imzalanmış Anlaşma Memorandumu Kazinform ilə AZƏRTAC arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Hər iki milli agentliyin həm ikitərəfli formatda, həm də beynəlxalq və regional media qurumları çərçivəsində sıx əlaqədə fəaliyyət göstərdiyini diqqətə çatdıran D.Diyarov dəfələrlə Bakıda səfərdə olduğunu, Azərbaycanı özünə doğma saydığını bildirdi.

Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin mühüm əhəmiyyətə malik olduğunu söyləyən səfir Rəşad Məmmədov milli agentliklərin qazanılmış uğurların beynəlxalq media məkanında yayılması istiqamətində yaxşı təcrübə əldə etdiklərini bildirdi. Diplomat ictimai-siyasi, sosial-iqtisadi və insani münasibətlər sistemində xəbər agentliklərinin artmaqda olan roluna diqqəti çəkərək AZƏRTAC-a və Kazinforma yeni yaradıcılıq uğurları arzuladı.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında sıx əlaqələrdən, dövlətlərimizin müstəqillik illərində əldə etdikləri uğurlardan ətraflı bəhs olundu.

növbəti xəbər əvvəlki xəbər

.