2016-02-23
ASTANADA XOCALI SOYQIRIMINA AİD AİD KİTAB SƏRGİSİ KEÇİRİLİB.

Qazaxıstanın paytaxtı Astanada Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı sərgi və anım mərasimi keçirilib. Türk Akademiyasının, Azərbaycan səfirliyinin və diasporun iştirakı ilə keçirilən tədbirdə Macarıstan və Türkiyənin səfiri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri, İsrail, Litva, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Polşa, Yaponiya  və Çinin hərbi attaşeləri iştirak ediblər.

Bundan başqa beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və çoxsaylı jurnalistlər də mərasimə qatılıblar. Sərgidə Xocalıda törədilən qətliamdan, eləcə də Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar böyük marağa səbəb olub. Möhtəşəm Sülh və Əminamanlıq Sarayındakı sərgidə eləcə də Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət sahələrini əhatə edən nəşrlər də nümayiş olunub. Burada paylanılan buklet və jurnallarda illərdir Azərbaycanın ermənilər tərəfindən məruz qaldığı təcavüzkar siyasət,  20 faiz torpaqlarımızın işğal edilməsi faktları öz əksini tapıb.
Tədbir üçün xüsusi hazırlanan banerlər vasitəsilə diplomatlar, xarici jurnalistlər Xocalı faicəsi qurbanlarını əks etdirən dəhşətli statistika və digər məlumatlarla tanış olmaq imkanı əldə ediblər. Tədbirə qatılan onlarla insan Xocalıda amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsinə ehtiramlarını bildiriblər. Foyedə yaradılan kompozisiya önündə gül dəstələri düzüblər. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

növbəti xəbər əvvəlki xəbər

.