İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Qazaxıstan münasibətləri qısa tarixi məlumat:

İki ölkə arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulmuşdur.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 9 yanvar 1993-cü il tarixində, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi 1 mart 2004-cü il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovdur. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu 6 sentyabr 2008-ci il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul əvəzi Elxan Zeynalovdur. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri hal-hazırda Beybit İsabayevdir

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 100-dən artıq sənəd imzalanıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər:

Dövlət başçıları:

2013-cü il 14-16 avqust – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Xarici İşlər Naziri Yerlan İdrisov Azərbaycana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti).

2014-cü il 4 iyun – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək məqsədilə Bodrumda səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli görüş keçirilmişdir.

2014-cü il  29 sentyabr - Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək məqsədilə  Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli görüş keçirilmişdir.

2015-cü il  11 sentybar – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısında iştirak etmək məqsədilə Astanada səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli görüş keçirilmişdir.

2015-ci il  16 oktyabr  – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmişdir.

Xarici İşlər Nazirləri:

2013-cü il 14-16 avqust – Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisov Azərbaycana işgüzar səfər etmişdir (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti).

2015-cü il 10-11 sentyabr – Azərbaycan  Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir  (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V  Sammiti).

2015-ci il 16 oktyabr  – Azərbaycan  Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər etmişdir  (MDB Dövlət Başçıları Şurasının növbəti iclası çərçivəsində).

Parlamentlərarası əlaqələr:

2012-ci il 7-9 iyun – Qazaxıstan Respublikasının Parlament Senatının Sədri Kayrat Mami ( 2013-cü ildən Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri) Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2014-cü il 19-22 fevral – Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Nurlan Niqmatulin Janbırşinin başçılığı ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ilə Qazaxıstan Respublikasının Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulinin görüşü təşkil olunmuş, Azərbaycan Respublikası Milli Məclisi ilə Qazaxıstan Respublikasının Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

2014-cü il 13 iyun – Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri

Həbibulla Jakupov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir (Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının beşinci iclasında iştirak məqsədilə). Səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov ilə Qazaxıstan Respublikasının Parlament Məclisinin Sədri Həbibulla Jakupov arasında ikitərəfli görüş keçirilmişdir. Qazaxıstan Parlamenti Məclisində fəaliyyət göstərən Azərbaycanla əməkdaşlıq üzrə qrupun rəhbəri Zaqipa Baliyevadır.

2015-ci il 3 dekabr- Azərbaycan Respublikası Milli Məclisinin sədri

Oqtay Əsədov Qazaxıstan Respublikasına səfər edib.( TürkPA Assambleya Şurasının və təşkilatın növbəti 6-cı plenar iclaslarında iştirak məqsədilə).  Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubovla görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, habelə ölkələrimizin ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib. Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə  qrupun rəhbəri Adil Əliyevdir.

İqtisadi  sahədə əməkdaşlıq:

Ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətləri, hər iki ölkənin mənsub olduğu zəngin resurslar, dəniz sərhədinin mövcudluğu, burada yaşayan azərbaycanlılar, Asiya və Avropa arasında tarixi İpək Yolunun üzərində geostrateji mövqeyi iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinini şərtləndirir.

Enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kommunikasiya, turizm sahəsi ikitərəfli əməkdaşlığın əsas prioritet istiqamətləri hesab edilir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da uğurla fəaliyyət göstərir və 2015-cü ildək 12-i iclası keçirilmişdir.

Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri arasında ən qısa yolun ölkələrimiz ərazisindən keçməsinin yaratdığı əlverişli imkanlardan istifadə edilməsi üçün mütəmadi qaydada işlər görülür, hər iki ölkədə infrastruktur işləri həyata keçirilir və digər tranzit ölkələrlə birgə layihələr icra olunur. Hazırda bu istiqamətdə müxtəlif nəqliyyat vasitələri ilə Qazaxıstan məhsullarının ölkəmiz üzərindən  dünya bazarına daşınması davam etdirilir. Yeni Bakı Beynəlxalq Dəniz Limanı, yaxınlarda inşası başa çatdırılacaq BTQ dəmir yol xətti, o cümlədən Qazaxıstan həyata keçirilən dəmir yolu layihələri və limanların genişlənməsi sahəsində görülən işlər nəticəsində bu istiqamətdə əməkdaşlığın inkişafı üçün daha da geniş imkanlar yaradılacaq və beynəlxalq nəqliyyat dəhlizi kimi ölkələrimiz əhəmiyyəti artacaqdır.

Azərbaycan Qazaxıstanın aparıcı kənd təsərrüfatı məhsulu olan taxılının əsas  idxalatçılarındandır. Eyni zamanda, Azərbaycandan ixrac olunan məhsullar Qazaxıstanın qərb ərazilərinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.  Ticari əlaqələrin mövcud olan potensiala çatdırılması üçün bir sıra layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri Bakı mövcud olan birgə Bakı taxıl emalı terminalı və Azərbaycan investisiyası ilə inşa olunan Aktau logistik mərkəzini qeyd etmək olar.

İndiyədək iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün bir çox işlər görülmüş və hazırda bu istiqamətdə fəaliyyət genişlənməkdədir. İki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək bu sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycanda 50-dən çox Qazaxıstan kapitallı şirkət qeydiyyatdan keçib. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və s. sahələrdə 300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. 2014-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikası ilə ticarət dövriyyəsinin həcmi 250,90 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 221,06 mln. ABŞ dolları, ixracın həcmi isə 29,84 mln. ABŞ dolları olmuşdur.

Biz inanırıq ki, hər iki ölkənin yüksələn xətlə inkişaf etməsi nəticəsində ikitərəfli iqtisadi əlaqələr daha da güclənəcək və iki qardaş xalqların daha da yaxınlaşmasına töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığın digər sahələri:

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında mədəniyyət, incəsənət, humanitar sahələrdə əlaqələr günü-gündən inkişaf edir. Həm ikitərəfli, həm də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik layihələr həyata keçirilməkdədir.

Qeyd etmək lazımdır ki, ortaq tarixi və mənəvi dəyərlərə malik xalqlarımız arasında tarixən də möhkəm əlaqələr olmuşdur. Təsadüfi deyil ki, “Dədə-Qorqud“ və “Koroğlu” dastanları hər iki xalqın ədəbiyyatının zəngin irsi hesab edilir. Müstəqillik əldə edildikdən sonra digər sahələrdə olduğu kimi mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün daha da geniş imkanlar açılmışdır. Azərbaycan mədəniyyətinin Qazaxıstanda tanıtdırılması məqsədilə Azərbaycan mədəniyyət günləri təşkil edilir, Qazaxıstanda keçirilən sərgilərdə Azərbaycan mətbəx nümunələri nümayiş etdirilir və ölkəmizin sənətçilərinin iştirakı ilə konsert tədbirləri keçirilir.

Hazırda Qazaxıstanın ən nüfuzlu təhsil ocaqlarından hesab edilən L.Qumilyov adına Qazaxıstan Milli Universitetində ulu öndər Heydər Əliyev adına auditoriyasına mövcuddur ki, burada mütəmadi şəkildə Azərbaycan həqiqətləri barədə qazax xalqının maarifləndirilməsi barədə tədbirlər keçirilir. Eyni zamanda, azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Mərkəz yaradılmışdır.

Hazırda Türk Akademiyası, TÜRKSOY kimi təşkilatlar tərəfindən türk mədəni irsinin araşdırılması, elm-incəsənət xadimlərinin iştirakı ilə birgə simpoziumlar, konfranslar, mədəni tədbirlər keçirilir ki,  bu da xalqlarımızın yaxınlaşmasına xidmət edir.

.